
Naxçıvan Dövlət Universitetində “Kitabi-Dədə Qorqud dastanının 1320 illik yubileyi” qeyd edilib
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Kitabi-Dədə Qorqud 1320 illik yubileyi ilə əlaqədar kitab müzakirəsi keçirilib. Müzakirəni giriş sözüylə açan Elmi Kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, “Kitabi-Dədə Qorqud” Azərbaycanın ana kitabı, ümumtürk mədəniyyət abidəsi, dünya mədəniyyət xəzinəsinin nadir incilərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən oxunması tövsiyyə edilən ən qiymətli əsərlərdəndir. Ulu öndər Heydər Əliyevin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında imzaladığı Fərmana əsasən yubileyin yüksək səviyyədə keçirilməsi milli-mənəvi irsin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm hadisə kimi dəyərləndirilib.
Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov bildirib ki, YUNESKO-nun 1998-ci ili “Dədə Qorqud ili” elan etməsi, dastanın 1300 illiyinin belə bir nüfuzlu beynəlxalq təşkilat tərəfindən silsilə tədbirlərlə möhtəşəm şəkildə qeyd olunması qədim tarixə, zəngin folklor və etnoqrafiyaya malik olmamızın təsdiqi idi. Diqqətə çatdırılıb ki, ölkə başçısı cənab İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 2015-ci il 20 fevral tarixli Sərəncamı tarixi mədəni isrimizin yaşadılmasına mühüm töhvə kimi dəyərləndirilməlidir.
Müzakirədə həmçinin diqqətə çatdırılıb ki, 1999-cu ildə Naxçıvan şəhərində Dədə Qorqud parkı yaradılması, Dədə Qorqudun heykəlinin ucaldılması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixdə imzaladığı Sərəncamla “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin diyarımızda da geniş qeyd edilməsi və dastanın gəncliyə oxunması zəruri ədəbiyyat kimi tövsiyə olunması muxtar respublikada aparılan milli-mənəvi irsə verilən yüksək qiymətin təzahürüdür.