Naxçıvan Dövlət Universitetində “Kosmik raketlər və peyklər” mövzusunda tədbir keçirilib

Ali təhsil ocağının Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədov çıxış edərək müasir dövrümüzdə aktual olan sahəyə həsr olunan təlimin xüsusi əhəmiyyətini qeyd edib.

Tədbirə onlayn olaraq qatılan Azərkosmosun İctimai Əlaqələr üzrə mütəxəssisi Fidan Behbudova Azərkosmosun fəaliyyəti, bu sahəyə olan xüsusi diqqət haqda məlumat verib və təlimin təşkilatçılarına öz minnətdarlığını ifadə edib.

Kosmik raketlər və peyklər haqqında “Azərkosmos” ASC-nin peyk əməliyyatları üzrə aparıcı peyk aperatoru Murad Məmmədov qeyd edib ki, Azərbaycanda müasir kosmik sənayenin formalaşdırılması Prezident İlham Əliyevin hakimiyyəti illərində açılıb. Sağlam təməllər üzərində dayanmış Azərbaycan iqtisadiyyatı məhz bu illərdə özünün ən sürətli inkişaf dövrünü yaşamağa başlayıb. Digər sahələrdə olduğu kimi bu sahənin də yenidən qurulması və müasir prinsiplərlə formalaşdırılması uzunmüddətli strateji yanaşma ilə mümkün olub. Bildirilib ki, 2008-ci ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb, 2009-cu ildə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiqlənib, növbəti ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Vurğulanıb ki, 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Murad Məmmədov həmçinin diqqətə çatdırıb ki, bu peyk layihələrinin həyata keçirilməsinin əsas məqsədləri ölkənin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verilməsi, sosial-iqtisadi inkişafa töhfə verilməsi, elmi tədqiqatların aparılmasına dəstək verilməsi və beynəlxalq kosmik təşəbbüslərdə iştirak edərək ölkənin beynəlxalq imicinin yüksəldilməsinə töhfə verməkdir.