Naxçıvan Dövlət Universitetində bir günlük tələbə layihəsi uğurla başa çatıb

Naxçıvan Dövlət Universitetində bir günlük tələbə layihəsi uğurla başa çatıb

“Naxçıvan Dövlət Universitetində bir gün” layihəsi çərçivəsində görüş keçirilib. Məktəblilərin iştirak etdiyi görüşdə universitetin tanıtım videoçarxı nümayiş olunub. Tədbirdə giriş sözüylə çıxış edən  universitetin rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, müasir tədris üsulları haqda danışıb. Universitetin beynəlxalq əlaqələri haqda geniş məlumat verən rektor ali təhsil ocağının qoşulduğu layihələr, tərəfdaş olduğu müqavilələr barədə ətraflı məlumat verib. Universitetin 70 ixtisas üzrə bakalavr hazırlığını həyata keçiridiyini diqqətə çəkən Elbrus İsayev şagirdlərə gələcək peşə seçimində ali təhsil ocağının verəcəyi imkanlardan danışıb.

“Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov layihə haqda ümumi məlumat verib. Şagirdlərin universiteti tanımaq istiqamətində təşkil edilən tədbirin onların gələcək karyera qurmaq istiqamətində mühüm əhəmiyyət daşıyacağı xüsusilə qeyd edilib.

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Fatimə Mərdanlı şagirdlər adından çıxış edərək yaradılan şərait üçün öz minnətdarlığını ifadə edib.

Universitet haqda bukletlər şagirdlərə paylanıldıqdan sonra  onlar öz seçdikləri ixtisaslara uyğun fakültələrdə olub, dərs prosesində iştirak ediblər. Tibb fakültəsində olan şagirdlərə ali təhsil ocağının laboratoriyaları, təcrübi dərslərin keçirilməsi üçün müasir texniki imkanlar barədə məlumat verilib. Şagirdlər fakültədə gələcək həkimlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində apardıqları intellektual oyunu izləyiblər.

Beynəlxalq münasibətlər və Hüquq fakültəsində olan şagirdlər fakültənin bazasında yaradılan və “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan tələbələrin öz elmi-siyasi, diplomatik və ən əsası dövlətçilik biliklərinin artırılması üçün nəzərdə tutulan Diplomatiya Mərkəzində olub, “Hüquq” ixtisasının tələbələri üçün yaradılan və müasir texniki vasitələr ilə təchiz edilən “Kriminalistika” laboratoriyasının iş imkanları ilə tanış olublar. Memarlıq və mühəndislik fakültəsində şagirdlərə sxemotexnika və kodlaşdırma ilə də məşğul olan və fakültənin gələcək perspektivlərində mühüm əhəmiyyət daşıyan  “Robototexnika” kabinəsinin fəaliyyəti haqda ətraflı məlumat verilib, Dəmiryolu stansiyalarının avtomatik idarə olunması laboratoriyasında olan şagirdlər Külək və günəş hibrid enerji qurğusunun fəaliyyət prinsipi ilə tanış olublar.

Tədrisi ingilis dilində “İqtisadiyyat” ixtisasında keçilən dərs prosesi şagirdlərdə xüsusi maraq oyadıb. Pedaqoji fakültənin “Atıcılıq mərkəzində” olan şagirdlər atıcılıq qaydaları və üsullarını öyrəniblər.

Qeyd edək ki, universitetin “Sosial mərkəzində”  olan şagirdlər tənəffüs vaxtını da səmərəli keçiriblər.

Sonda anket sorğusunda iştirak edən şagirdlər universitet haqda müsbət təəssüratlarla ayrılıblar.