Naxçıvan Dövlət Universitetində Mətanət Quliyevanın 60 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetində Mətanət Quliyevanın 60 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetində Fənlərin tədrisi metodikası  və texnologiya müəllimliyi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyevanın 60 illik yubileyi qeyd edilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil ocağında keçirilən yubileylərin əsas məqsədi həm müəllimlərin elmi-pedaqoji fəaliyyətlərini qiymətləndirmək, həm də gənc nəslə əsl müəllim olmağın nə qədər şərəfli peşə olduğunu çatdırmaqdır.  Bildirilib ki, yubileyi qeyd olunan Mətanət müəllim elmi-pedaqoji mühitin canlanması üçün təmənnasız xidmət göstərən, əsl ziyalı, sadə, mehriban, təvazökar, xeyirxah bir müəllimdir. O, işgüzar, öz işini ürəkdən sevən və tələbələrin, ictimaiyyətin rəğbətini qazanan, sevib-seçdiyi peşəyə qəlbən bağlanan müəllimlərimizdən biridir. Rektor diqqətə çatdırıb ki, yubliyarın rəhbərlik etdiyi Texnologiya mərkəzi respublika səviyyəsində bütün sərgilərdə iştirak edib və ictimaiyyətin rəğbətini qazanıb. Elbrus İsayev  yubliyarı təbrik edərək ona cansağlığı, yorulmaz peşə fəaliyyətində uğurlar arzu edib.  

Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev qeyd edib ki, Mətanət Quliyeva 1963– cü ildə Naxçıvan şəhərində anadan olub. 1980 – ci ildə Naxçıvan şəhər 6 saylı orta məktəbini, 1985 – ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya fakültəsini bitirib. 1987–ci ildən 1991–ci ilədək Rusiya Federasiyasının Oryol vilayətində yaşayıb və oradakı orta məktəblərin birində direktor müavini işləyib. 1991– ci ildən 1995–ci ilədək Naxçıvan Musiqi texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Mətanət Quliyeva 1995– ci ildən Naxçıvan Dövlət Universitetində saathesabı müəllim işləyib. 2001– ci ildə həmin universitetin “Fənlərin tədrisi metodikası” kafedrasına müəllim təyin olunduqdan sonra  “Azərbaycan dilində sintaktik transformasiya” adlı dissertasiya üzərində işləyib, 2008– ci ildə müdafiə edərək filologiya elmlər namizədi adını alıb. 2011–ci ildə “Fənlərin tədrisi metodikası” kafedrasına  dosent seçilib. Mətanət Quliyeva 4 kitabın, dilçilik və metodikaya dair 200– ə qədər məqalənin müəllifidir. Hazırda “Azərbaycan dilinin ekspressiv sintaksisi” adlı doktorluq dissertasiyası üzərində işləyir. Mətanət Quliyeva 2019 – cu ildə “Fənlərin tədrisi metodikası  və texnologiya müəllimliyi” kafedrasına müdir təyin olunduqdan sonra 2021–ci ildə kafedranın nəzdində yaradılmış Texnologiya mərkəzinə rəhbərlik etməyə başlayıb.

Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov Mətanət müəllimin artıq iki ildir ki, rəhbərlik etdiyi, Texnologiya mərkəzinin uğurlu fəaliyyəti haqda danışıb. Vurğulanıb ki, artıq mərkəz ali təhsil ocağı ilə orta ümumtəhsil məktəbləri arasında körpü rolunu oynayır. Qeyd olunub ki, orta məktəblərlə əlaqələrin sıx qurulmasının nəticəsidir ki, davamlı olaraq bu mərkəzə orta məktəblərdə Texnologiya dərsini deyən müəllimlər dəvət olunur. Bu da həmin müəllimlərin peşə vərdişlərinin formalaşmasına öz müsbət təsirini göstərir.

Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müəllimi, filiologiya üzrə fəlsəfə doktoru, dosent Mehriban Əsədullasoy yubliyarın yaxın dostu olaraq onun hərtərəfli fəaliyyətini qiymətləndirib.

Yubliyarı sevənlər onunla bağlı xoş xatirələrini bölüşüb, öz ürək sözlərini çatdırıblar. Tədbirdə çıxış edənlər Mətanət Quliyevanın bütün insani keyfiyyətlərini qeyd edərək öz övladlarının qayğısına qalan əsl ana, nəvaziş dolu nənə kimi xarakterizə ediblər.

Yubliyar ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru Elbrus İsayevə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Çay süfrəsi ətrafında davam edən yubiley tədbirində Mətanət müəllimin ünvanına xoş sözlər, səmimi arzular səsləndirilib.

Leave a Reply

Your email address will not be published.