Naxçıvan Dövlət Universitetində magistrantlar üçün təlim keçirilib

Naxçıvan Dövlət Universitetində dissertasiya işlərinin yazılması qaydaları, araşdırma bacarıqlarının artırılması məqsədilə magistrantlar üçün təlim keçirilib.

Universitetin Elm və İnnovasiyalar bölməsi, Magistratura mərkəzi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev magistrantların maarifləndirilməsi üçün bu kimi təlimlərin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, kadr potensialının gücləndirilməsi, tələbələrin elmi biliklərinin və peşə vərdişlərinin inkişaf etdirilməsi baxımından bu kimi təlimlər əhəmiyyətlidir. Qeyd olunub ki, dissertasiya işi magistrantın elmi fəaliyyətinin əsasını təşkil etdiyi üçün bu işdə məsuliyyətli olmalı və yüksək araşdırma qabiliyyəti ortaya qoyulmalıdır. Bildirilib ki, dissertasiya işinin yazılmasında magistrantın üzərinə düşən öhdəliklərlə yanaşı aidiyyatı kafedralar və elmi rəhbər də bu işlə yaxından maraqlanmalı və dissertasiya işlərinin nəşrində yardımçı olmalıdır.

Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova təlimin proqramını və təlimçilərə dair məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Magistratura mərkəzinin direktoru Etibar Məmmədov “Dissertarsiya işlərinin yazılması qaydaları” mövzusundan bəhs edərək qeyd edib ki, dissertasiya işi qəbul olunmuş standartlara uyğun olaraq tərtib olunmalı və müəyyən tələblərə cavab verməlidir. Dissertasiya işi nədir, dissertasiya işində mövzunun seçilməsi, magistrantın fərdi iş planı, magistr dissertasiyasının tərkib hissələri- mündəricat, giriş, əsas hissə, nəticə, istifadə olunan ədəbiyyatlar və əlavələrin yazılması qaydaları izah edilib. Eyni zamanda dissertasiyanın tərtibinə verilən əsas tələblər, dissertasiyanın quruluşu və müdafiəsi təlim iştirakçılarına slayd vasitəsilə təqdim olunub.

Elm və İnnovasiyalar bölməsinin müdiri Rza Məmmədov “Tədqiqat metodikası və beynəlxalq elmi nəşrlər” mövzusunda slayd vasitəsilə təlim keçib. Rza Məmmədov elmi tədqiqat nədir, tədqiqatın planı, növləri, araşdırma metodikası, metodları, gedişi, xüsusiyyətləri, tədqiqat zamanı qarşıya çıxan problemlər, tədqiqatın etikası və digər məsələlər barədə məlumat verib. Beynəlxalq elmi nəşrlər haqqında məlumat verən təlimçi orcid.org və web of science saytlarında qeydiyyatdan keçmək və elmi məqalələrin nəşr olunması qaydalarını izah edib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.