
Naxçıvan Dövlət Universitetində Magistrantların XII Regional Elmi konfransı keçirilib
Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Universiteti magistrantlarının birgə konfransı keçirilib. Tədbiri giriş sözüylə universitetin rektoru Elbrus İsayev açaraq bildirib ki, muxtar respublikada yerləşən ali təhsil müəsissələrinin magistrantlarının elmi konfraslarının təşkili artıq ənənə halını alıb. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd edilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək qayğı təhsilverənlərin və təhsilalanların qarşısına çox böyük məsuliyyət qoyur. Belə ki, tələbələr müasir tədris metodları ilə yanaşı geniş imkanlara malik maddi-texniki bazası olan ali təhsil müəsissələrində həm nəzəri biliklərə, həm də təcrübi bazaya malik olur, gənclər daha çevik, innovativ metodlarla işləməyi öyrənirlər. Vurğulanıb ki, elmə, təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, cəmiyyətdə savadlı, bilikli, öz fəaliyyəti ilə doğma diyarımıza töhfə verən gənclər yetişməkdədir. Ali təhsil ocağında magistr hazırlığı sahəsində görülən işlərdən danışan rektor magistrantların hazırlanması sahəsində ciddi işlərin həyata keçirildiyini diqqətə çəkib. Qeyd olunub ki, universitetdə növbəti tədris ilindən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək. Bildirilib ki, hal hazırda universitetin Magistratura təhsil səviyyəsində I kurslarda 64 ixtisaslaşma üzrə 204 nəfər, II kurslarda isə 47 ixtisaslaşma üzrə 144 magistrant təhsil alır. Qeyd olunub ki, bu il kecirilən magistraturaya qəbulun nəticələrinə görə bakalavr mərhələsini bitirən məzunların 187 nəfəri imtahanda iştirak edib, bunlardan 158 nəfəri müsabiqə şərtlərini ödəyiblər.
Rektor universitetdə yaradılması nəzərdə tutulan Texnologiyalar Parkının da magistraturada təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirmələri baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. Eyni zamanda bildirilib ki, tələbələr gələcəkdə Texnopark vasitəsilə beynəlxalq şirkətlərlə də əməkdaşlıq etmək imkanı qazanacaq.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ali təhsil sistemində magistr pilləsinin əhəmiyyətindən danışaraq bildirib ki, əvvəlki dövrlərlə müqayisədə müasir tədris proqramına uyğun keçirilən dərslər tələbələrin ixtisaslı kadr kimi yetişməsinə xidmət edir. Qeyd olunub ki, muxtar respublikanın dərindən tədqiq edilərək öyrənilməsi məqsədilə yaradılan akademiyada elmi-tədqiqat işlərinin həyata keçirilməsi uğurla davam etidilir. İsmayıl Hacıyev elmi-tədqiqat işlərinin daha da geniş vüsət alması üçün magistratura təhsilini başa vuran məzunların akademiyada fəaliyyət göstərməyi üçün yaradılan şəraitdən danışıb
Naxçıvan Müəllimlər İnstitunun rektoru Azad Novruzov muxtar respublikada elmə, təhsilə göstərilən böyük dövlət qayğısından danışıb. Bildirilib ki, konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işlərinin qiymətləndirilməsi baxımında xüsusi rola malikdir. Bu gün dünyanın nüfuzlu platformalarında tarixi faktalara əsaslanan məqalələrin yer alması bu sahədə ixtisaslı kadrlara olan tələbatı daha da artırır. Azad Novruzov rəhbərlik etdiyi ali təhsil ocağında 5 pedoqoji ixtisas üzrə magistr hazırlığının aparılmasından danışıb.
“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, təhsilin və elmin qarşısında duran əsas vəzifə yüksək ixtisaslı kadrların hazırlanmasıdır. Qeyd edilib ki, universitetdə 8 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. Hər üç ali təhsil müəssisənin birgə qatıldığı konfransın əhəmiyyəti vurğulanıb.
Naxçıvan Dövlət Universiteti magistrantı Lalə Rzayevanın “Magistr təhsilinin tarixi və müasir dövrdə əhəmiyyəti” mövzusunda çıxışı dinlənilib.
Sonda Naxçıvan Dövlət Universitetində I kurs magistrantlarının müxtəlif musiqi alətlərində ifaları təqdim edilib.
Qeyd edək ki, Magistrantların XII regional konfransında Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin, İqtisad Universitetinin, “Azərbaycan ” Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və AMEA Botanika İnstitutunun magistrantları 12 bölmədə 208 məqalə ilə məruzə ediblər.