
Naxçıvan Dövlət Universitetində magistrantların XIV regional elmi konfransı keçirilib
Ali təhsil ocağının İncəsənət fakültəsində Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, “Naxçıvan” Universitetinin magistrantlarının birgə konfransı keçirilib.
Magistratura mərkəzinin direktoru, biologiya elmləri doktoru Etibar Məmmədov çıxış edərək qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən qayğının nəticəsidir ki, magistratura üzrə dekanlıq əsaslı şəkildə yenidən qurulan və müasir kommunikasiya vasitələri ilə təmin olunan binada fəaliyyət göstərir. Magistrantlar yaradılan bu səmərəli şəraitdən bəhrələnərək respublikamızın müxtəlif ali təhsil müəssisələrində və xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər. Bildirilib ki, hazırda universitetin Magistratura təhsil səviyyəsində I kurslarda 71 ixtisaslaşma üzrə 189 nəfər, II kurslarda isə 66 ixtisaslaşma üzrə 218 magistrant təhsil alır.
Vurğulanıb ki, muxtar respublikada elm, təhsil üçün yaradılan münbit şəraitin nəticəsidir ki, Azərbaycanın digər bölgələrində yerləşən magistrantların da məhz NDU-nu seçməsi ənənəsi də vardır.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev konfransda çıxış edərək muxtar respublikada yerləşən ali təhsil müəssisələrinin magistrantlarının elmi konfranslarının keçirilməsinin artıq ənənə halını aldığını vurğulayıb.
İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan prorektor universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın elm, təhsil sahəsinə töhfələr verdiyini vurğulayıb.
Qeyd edilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək qayğı təhsilverənlərin və təhsilalanların qarşısına çox böyük məsuliyyət qoyur. Belə ki, tələbələr müasir tədris metodları ilə yanaşı, geniş imkanlara malik maddi-texniki bazası olan ali təhsil müəssisələrində həm nəzəri biliklər qazanır, həm də təcrübi bazaya malik olur, gənclər daha çevik, innovativ metodlarla işləməyi öyrənirlər. Rektor diqqətə çatdırıb ki, universitetdə magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması da həyata keçirilir.
Sonra Naxçıvan Dövlət Universitetinin magistrantlarından Gülüm Məmmədovanın “Müasir dövrdə biotexnologiya”, Röya Rzayevanın “Alternativ enerji mənbələrinin Naxçıvanda istifadə perspektivləri”, Nardanə Əliyevanın “Sosial şəbəkələrin çağdaş mediaya təsiri” mövzularında çıxışları diblənilib.
Sonda İnformasiya mühafizəsi və təhlükəsizliyi ixtisası üzrə Fuad Babayevə ilin magistrantı diplomu təqdim edilib. Qeyd edək ki, diplom magistranta elm, təhsil və ictimai həyatındakı fəal iştirakına görə verilib. Bir qrup magistrant da könüllülük fəaliyyətinə görə diplomla mükafatlandırılıb.
Konfrans 12 bölmədə öz işini davam etdirib. Bölmələrdə magistrantların yazdıqları dissertasiya işləri dinlənilib və qiymətləndirilib