
Naxçıvan Dövlət Universitetində Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi qeyd edilib
Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində “Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyinə həsr edilmiş sərgi” keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi kimi şöhrət qazanıb. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar” adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirdiyi aydın görünür. Rektor Şərqin böyük dühalarının “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) fəxri adı verilən Memar Əcəmi Naxçıvaninin yaradıcılığının sənətşünaslar, memarlar, inşaatçılar, filosoflar, ömürlərini bu sahəyə həsr etmiş müəllimlər və tələbələr üçün qiymətli tövhə olduğunu diqqətə çatdırıb.
Memarlıq fakültəsinin dekanı, professor Cavanşir Zeynalov bu ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə təşkil edilən sərgini yüksək qiymətləndirib və gələcəyin memarlarına uğurlar arzulayıb.
Memarlıq kafedrasının müdiri, Memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova bildirib ki, Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında “Atababa günbəzi” adı ilə tanınan bu türbə 1162-ci ildə tikilib. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaldılıb. El yaddaşında “Atabəy günbəzi” adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilib.
Memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev vurğulayıb ki, Marağadakı Göy günbəzdə, Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində, Qarabağlar, Bərdə və Salmas türbələrində, türk memarı Memar Sinanın və İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır.
Memarlıq və mühəndislik fakültəsinin “Memarlıq” ixtisası üzrə IV kurs tələbəsi Cavid Məmmədov tələbələrin bu cür sərgisini təşkil etdiklərinə görə minnətdarlığını ifadə edib.
Sonda istedadlı tələbələr diplomlarla təltif edilib, tələbələr tərəfindən hazırlanan maketlərin sərgisinə baxış olub.