Naxçıvan Dövlət Universitetində memarlıq və elektronika sahələri üzrə sərgi keçirilib

Naxçıvan Dövlət Universitetində memarlıq və elektronika sahələri üzrə sərgi keçirilib

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun təşkilatçılığı ilə keçirilən sərgidə “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması” və “Energetika” ixtisasları üzrə təhsil alan tələbələrin 20-dən çox əl işi nümayiş olunub.

Tələbələr tərəfindən təqdim olunan ilk layihə “Radar sistemi” adlanır. Hərbi hissələr, xüsusən, sərhəd zonaları üçün hazırlanan aparat ultrasonik sensor vasitəsilə sərhəddə qarşıya çıxan maneənin hansı məsafədə və neçə dərəcəli bucaq altında olduğunu göstərir və bu məlumatı avtomatik olaraq silaha yönləndirir. Beləliklə, silah maneəni dəf etmək üçün hərəkətə keçir.

Sadəcə, doğru kartla işləyən “Ağıllı kassa”, sensorla məsafəni ölçən “Ağıllı məsafə sensoru”, yüksək səslə çalışan “Ağıllı lampa”, o cümlədən çox funksiyalı “Multi car” maşını kənar təsirlərdən qorunma və insan əməyinin asanlaşdırılmasına xidmət edir

“Safe road” adlanan təhlükəsiz yol sisteminin məqsədi piyadaların təhlükəsizliyinin qorunması və maşınların qatar yolunda hərəkətini nizamlamaqdır. Qaranlıq yolu işıqlanmdırma mexanizminə malik olan qurğu nəzərdə tutlmuş müddət ərzində piyadanın keçiddəki hərəkətinə imkan yaradır.

Evin təhlükəsizliyi üçün nəzərdə tutulmuş “Ağıllı ev” layihəsi tənzimlənmiş məsafə ölçüsü ilə evə yaxınlaşan cisim və ya şəxs barədə siqnal verir və bu siqnal həm ev sahibinə, həm də polisə yönləndirilir.

Mexaniki naxış çəkən aparat olan “CNC Plotter” kompüterdəki təsvirin əyani köçürülməsini təmin edir. Bu aparat xalça toxuma sənətində naxış salma üçün əlverişli vasitə kimi nəzərdə tutulub.

Radar-sürət sistemi ilə bağlı hazırlanmış digər bir qurğu radarın təkmilləşdirilmiş modelidir. Yolda quraşdırılması nəzərdə tutulan qurğu avtomobilin sürətini uzaq məsafədən ölçür. Sürət həddi aşılıbsa, o zaman, yol polisinə məlumat ötürülür və polis maşını işə düşür.

Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr tullantı məhsullarından hazırladıqları maketləri təqdim ediblər. “Eko yanacaq” adlı qurğu dəniz suyundan enerji əldə edilməsini, “ZF Recycling” aparatı isə terminallar vasitəsilə tullantıların yenidən istehsal prosesinə cəlb olunmasına planlaşdırır. Sirab, badamlı qablarından hazırlanmış maketlər geriyədönüşüm prosesinin nümunələri kimi təqdim olunub.

Elektrik kəsildiyi zaman internetin çalışmasını təmin edən “Powerbank” modemi, müasir avtomobillərin elektron qırıcı-paylayıcı sistemi üçün əyani vəsait olan “Alışdırma sistemi”, internetin idarə olunmasına kömək edən “ViFi Gammer” adlı İnternet cipi gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulan layihələr sırasında yer alıb.

Hərbi təchizatda istifadə üçün nəzərdə tutulan “Torpaq gurlayıcı və ya basqınlayıcı” kiçik ölçülü qurğu düşmən sərhədlərinə keçdiyi zaman gizliliyə zəmanət verir.  Üzərində işıq, səs, temperatur və hərəkət sensorları olan qurğu təkərləri vasitəsilə bütün maneələri aşa bilir.

Sərgidə danışıq və görmə qüsürlu şəxslər üçün hibridləşmiş köməkçi robotlar paketi təqdim olunub. Danışıq qüsuru olan azyaşlılar üçün nəzərdə tutulmuş robot  problemlərini və hislərini lazımi şəkildə ifadə edə bilməyən, qarşı tərəfi düzgün başa düşməyən və psixoloji gərginlik yaşayan körpələrə qulluq məqsədilə hazırlanıb.  Robot onların hərəkətinə reaksiya vermək, emosiyalarına uyğun rəqəmsal smayliklər göstərmək, onlarla oynamaq və gəzintiyə çıxmaq funksiyalarını daşıyır. Görmə qüsürlu yetkin yaşda olan insanlar üçün nəzərdə tutulan digər robot isə, məcburi hallarda evdə tək qalan xəstə insanlara himayədarlıq edə, onların qidalanmasını və dərmanlarının vaxtında verilməsini təmin edə bilər. Gələcəkdə bu qurğularda dinamik naviqasiyadan istifadə olunması nəzərdə tutulur. Bu yeniliyin mahiyyəti ondan ibarətdir ki, hər hansı bir əşyanın yerini dəyişdikdə robot bu yeniliyi qəbul edir və vaxt itirmədən trayektoriyanı cuzi olaraq dəyişib həmin qüsurlu şəxsin yanına çata biləcək.

İşıq sensoru ilə çalışan “elektrik lampaları”, “döşəmə təmizləyən robot”, 25 sm məsafədən sensorla işləyən “smart lampa”  kimi qurğular da öz funksionallığı ilə izləyicilərdə maraq yaradıb.

Təqdimatdan sonra çıxış edən universitetin rektoru Elbrus İsayev Azərbaycan təhsil müəssisələri içərisində saysız layihələr hazırlayıb təqdim edən universitetlərdən biri kimi, elektronika sahəsinin inkişafına daim diqqət yetirildiyini vurğulayıb. Bildirib ki, “Bu məqsədlə, universitetdə texnopark tikilir, robot texnikası laboratoriyaları fəaliyyət göstərir. Hər sərgi əvvəlkindən fərqlənərək, daha da təkmilləşir. Universitet bu cür prototipləri hazırlamaq üçün bütün ehtyacları qarşılamağa hazırdır. Növbəti sərgilərdə qarşıya qoyulmuş əsas məqsəd layihələr üçün irəli sürülmüş ideyaların müəlliflik hüququnun təmin edilməsidir. Bu həmin layihələrin qorunması üçün başlıca şərtdir”. Onun sözlərinə görə, ideyalar sertifikatlaşdırıldıqdan sonra layihələr əmək bazarına təqdim olunacaq.

Fakültə dekanı, professor Cavanşir Zeynalov sərgidəki ideyaların əksəriyyətinin bir neçə il öncə irəli sürüldüyünü, lakin reallaşmadığını diqqətə çatdırıb. Qeyd edib ki, insan həyatını dəyişdirən və asanlaşdıran innovativ ideyalar daha çox maraq cəlb edir. Ucuz, əlçatan və lazımlı ideyalarla layihələrə davam etmək olduqca sərfəlidir. Dekan layihənin ideya rəhbərliyinin Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Asiman İsmayılova məxsus olduğunu vurğulayıb.

Leave a Reply

Your email address will not be published.