Naxçıvan Dövlət Universitetində “Microsoft” korporasiyası tərəfindən vebinar keçirilib
Ali təhsil ocağında Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən professor-müəllim heyətinə və tələbələrə “Təhsildə rəqəmsal transformasiyalar və innovasiyaların rolu”, “Müasir virtual iş yeri”, “Verilənlərin intellektual təhlili və vizuallaşdırılması”, “Maarifləndirmə, rəqəmsal transformasiya üçün bacarıqların inkişaf etdirilməsi” mövzusunda təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru Elbrus İsayev bu cür təlimlərin əhəmiyyətini qeyd edərək müasir dövrdə vacib olan İT bacarıqlarının qiymətləndirilməsi və bu sahədə süni intellekt texnologiyalarının geniş istifadə olunduğunu diqqətə çatdırıb. Texnologiyalar Parkı layihəsinin həyata keçirilməsində informasiya texnologiyalarının vacibliyini qeyd edən rektor bu sahədə yeni bilik və bacarıqların əldə olunmasının effektiv təsirini xüsusilə qeyd edib. Bildirilib ki, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələrin müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmələri üçün bir sıra tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsil müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin aid ixtisasları nazirliyə hamiliyə verilib. Qeyd edilib ki, bugünkü vebinar da hamilik çərçivəsində keçirilən tədbirlərin davamıdır.
Tədbirə onlayn qatılan “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib. Qeyd edilib ki, internet olan istənilən yerdən iş yeri və iş vaxtının idarə olunması ilə bağlı proqramın yaratdığı imkanlar müvafiq əmək fəaliyyəti üzrə məhsuldarlığa heç bir neqativ təsir olmadan işçiyə məsafədən işləmək seçimi verir. Vurğulanıb ki, “Azure Virtual Desktop, Windows 365” və virtual iş yeri kimi tanınan “Microsoft 365” həlləri pandemiya şəraitində əməkdaşların məsafədən fəaliyyət göstərməsi üçün əlçatan, təhlükəsiz, səmərəli və uyğunluq tələblərinə cavab verən həll yoludur.
“Microsoft” sertifikatlı təlimçi, Təhsil Layihələri Meneceri Emin Axundov onlayn qoşulduğu tədbirdə “Təhsildə Rəqəmsal Transformasiya və İnnovasiyaların rolu”, “Microsoft” sertifikatlı təlimçi Fuad Tağıyev “Verilənlərin intellektual təhlili və vizuallaşdırılması”, “Microsoft” sertifikatlı təlimçi Fərhad Kərimov isə rəqəmsal transformasiya haqda danışıblar.
Əlavə olaraq vebinarda təlimçilər tərəfindən süni intellekt, əşyaların interneti və yeni texnologiyalar haqqında da iştirakçılara ətraflı məlumat verilib.
Vebinarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.