Naxçıvan Dövlət Universitetində Milli-mənəvi dəyərlərimiz mövzusunda elmi-nəzəri seminar keçirilib

Ali təhsil ocağının Tibb fakültəsinin akt zalında “Milli-mənəvi dəyərlərimiz, millilik anlayışı, cəmiyyətimizin inkişafında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, mənəvi dəyərlər sisteminin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik, dini dəyərlərə hörmət təşkil edir. Bildirilib ki, Azərbaycan xalqının mənəvi zənginliyinin, tarix və mədəniyyətimizin qədimliliyinin inikası olan, birliyimizi təcəssüm edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının, xüsusilə də gənclərin müqəddəs borcudur. Vurğulanıb ki, milli-mənəvi dəyərlərimiz xalqımızın formalaşmasına təsir göstərməklə bərabər, dövlətçiliyimizin möhkəmləndirilməsində də mühüm rol oynayır. Rektor ziyalı gəncliyi xalqımızın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi dəyərlərə daha həssas münasibət göstərməyə, dünya xalqları arasında təbliğində fəal olmağa çağırıb.

Sonra Ümumi işlər üzrə prorektor Xəyal Camalov multikulturalizm və milli-mənəvi dəyərlərimiz, sosial şəbəkələrdən istifadənin zərərli tərəfləri haqqında danışıb. Bildirilib ki, müasir dövrümüzdə sosial şəbəkələrdən istifadə edilməsi artıq günün zəruri tələbinə çevrilib. Prorektor gəncləri sosial şəbəkələrdən və media platformalarından düzgün istifadəyə səsləyib.

“Milli-mənəvi dəyərlərimizin cəmiyyətimizin inkişafında yolu” mövzusunda Tibb fakültəsinin dekanı Elsevər Əsədov çıxış edərək qeyd edib ki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolu vardır. Bildirilib ki, milli-mənəvi dəyərlərə biganə münasibət göstərənlərə, mədəni irsimizi, milli zövqümüzü korlayanlara qarşı kəskin mübarizə aparılmalı, milli dəyərlərimizin dünya mədəni irsində yer alması istiqamətində ardıcıl fəaliyyət göstərilməlidir.

Daha sonra Beynəlxalq əlaqələr bölməsinin müdiri İlahə Hüseynova əcnəbi tələbələrin Azərbaycan Respublikasında yaşayış, hərəkət qaydaları və qanunların aliliyinə əməl olunmasının zəruriliyi haqqında çıxış edib. Miqrasiya məsələləri, miqrasiya kartlarından düzgün istifadə olunması barədə tələbələr məllumatlandırılıb.

Sonra rektor Hazırlıq kursunun dinləyicisi olan əcnəbi tələbələrə təhsildə əldə etdikləri nailiyyətlərə və universitetin ictimai həyatında fəal iştiraklarına görə təşəkkürnamə təqdim edib. Elbrus İsayev milli-mənəvi dəyərlərimizin ən yaxşı xüsusiyyətlərini özündə daşıyan Novruz bayramı münasibətiylə bütün tələbələri təbrik edib, onlara dərslərində uğurlar arzulayıb.