Naxçıvan Dövlət Universitetində Milli teatr günü qeyd edilib
Ali təhsil ocağının İncəsənət fakültəsində Milli teatrın yaradılmasının 149-cu illiyi münasibətilə tədbir keçirilib.
Teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülxarə Əhmədova çıxışı zamanı qeyd edib ki, 149 yaşını qeyd edən Azərbaycan Milli teatrı 1873-cü il martın 10-da görkəmli maarifçilər Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri ilə qoyulub. Bu əlamətdar tarix hər il universitetin Teatr və mədəniyyətşünaslıq kafedrasında bütün müəllim və tələbə-aktyor heyəti ilə birgə qeyd edilir. Bildirilib ki, ali təhsil ocağında 20 ildən artıqdır ki, fəaliyyət göstərən Tələbə Teatr Studiyası mədəni həyatın tərkib hissəsinə, çoxminli kollektivin mənəvi-estetik ehtiyaclarının ödənilməsi işinə xidmət edən mədəniyyət ocağına çevrilib. Studiya hazırladığı tamaşalar universitetin müəllim və tələbə heyətinin rəğbətini qazanmaqla bərabər, həmçinin muxtar respublikanın mədəni həyatında, respublikamızdan kənarda da uğurlar əldə edib.
Daha sonra Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan, Aktyor sənəti üzrə II kurs tələbəsi Xəlil Hüseynovun və Aktyor ifaçılığının tarixi və nəzəriyyəsi üzrə II kurs magistrant Vəfa Qurbanzadənin iştirakı ilə eyniadlı tamaşa təqdim olunub. Səhnə əsəri iki fərqli dünya insanının söhbəti, bir-birinə təmassız toxunuşları, sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi, yenə də qovuşmaq arzuları üzərində qurulub. Müəllif Kamal Abdulla pyesi 5 şəkildən ibarət, bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı kimi təqdim edir.
Tamaşadan sonra rektor “Aktyor sənəti” ixtisasında təhsil alan tələbələrlə görüşüb. Elbrus İsayev tələbə və müəllimlərin işini yüksək qiymətləndirərək əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. Qeyd edilib ki, muxtar respublikamızda teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə xüsusi əhəmiyyət verilir. 2011-ci ildə ali təhsil ocağında Teatr və Mədəniyyətşünaslıq kafedrasının nəzdində “Aktyor sənəti” ixtisasının fəaliyyətə başlaması ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, artıq bir çox tələbə müxtəlif teatrlarda əmək fəaliyyətinə başlayıb ki, bu da çox sevindirici haldır. Rektor Gülxarə Əhmədovanın teatr sahəsindəki fəaliyyətini, müəllimin universitetin bu sahədə inkişafında xüsusi rolu olduğunu qeyd edərək diplom, kitab və pul mükafatı, il ərzində öz bacarıqları ilə seçilən, tədbirdlərdə fəal iştirak edən tələbələrə təşəkkürnamə, digər müəllimlərə isə pul mükafatı təqdim edib.