
Naxçıvan Dövlət Universitetində Milli teatrın yaranmasının 150-ci ildönümü qeyd olunub
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev dünya mədəniyyət tarixində teatrların yaranmasının dövlətçiliyin tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdırıb. Rektor teatr ənənəsinin qorunmasının vacibliyini qeyd edərək cəmiyyətin müxtəlif sahələrinin maarifləndirilməsindəki rolundan danışıb. Diqqətə çatdırılıb ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Qeyd edilib ki, muxtar respublikamızda teatr və incəsənət sahələri üzrə ixtisaslı kadrların hazırlanması işinə xüsusi əhəmiyyət verilir. 2011-ci ildə ali təhsil ocağında Teatr və Mədəniyyətşünaslıq kafedrasının nəzdində “Aktyor sənəti” ixtisasının fəaliyyətə başlaması ixtisaslı aktyor kadrlara olan tələbatın ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan peşəkar teatrının yaranması, təşəkkülü, janrlarının formalaşması və inkişafı barəsində danışan Teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Ələkbər Qasımov Azərbaycan Milli teatrının keçdiyi keşməkeşli dövrü milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, teatr hər bir millətin estetik zövqünün, intellektual səviyyəsinin və dünyagörüşünün formalaşmasına təkan verən əsas amillərdən biridir.
Sonra Aktyor sənəti ixtisasının tələbələri Qurban Səidin “Əli və Nino” əsərindən bir parça, Ramiz Rövşənin şeirləri əsasında hazırlanmış “Dünya qəfil işıqlansa” adlı tamaşa kompozisya, Hüseyn Cavidin “İblis” faciəsindən parça və “Susqunluq” bədii kompozisiyaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
