Naxcıvan Dövlət Universitetində müəllimlərin yubileyləri qeyd edilir

Ali təhsil ocağının Tibb fakültəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, baş müəllim Yazgül Rzayevanın 70, müəllim və həkim-laborant Qadir Əliyevin isə 60 illik yubileyi qeyd edilib.

Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikada həkim və müəllimlərə göstərilən etimaddan söz açıb. Qeyd edilib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sistemi, həkimlər də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Diqqətə çatdırılıb ki, universitetdə bele savadlı mütəxəsislərin fəaliyyət göstərməsi, tibbi kadrların hazırlanması universitetin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, hər iki müəllim səhiyyə sisteminə və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Rektor yubilyarları təbrik edərək, onlara universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib.

Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədova yubilyarlar haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, Yazgül Rzayeva 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin klinik xəstəxanasında işləməklə yanaşı, Pediatriya kafedrasında müəllim kimi fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, müəllim vaxtilə Pediatriya, Tibbi klinik fənlər kafedralarında, hal-hazırda isə Ümumi təbabət və klinik fənlər kafedrasında baş müəllim işləyir. Elsevər Əliyev yubilyarları təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri Gültəkin Əliyeva Qadir Əliyev haqqında danışarkən qeyd edib ki, müəllim 2002-ci ilə qədər ayrı-ayrı vaxtlarda muxtar respublikanın müxtəlif xəstəxanalarında və universitetin Tibb fakultəsində həkim kimi fəaliyyət göstərib. Bildirilib ki, Qadir Əliyev haliyədə universitet xəstəxanasında həkim, Tibb fakültəsində isə müəllim kimi fəaliyyətini davam etdirir.

Təməl tibb fənləri kafedrasının müdiri İlhamə Mustafayeva yubilyarların ünvanına xoş sözlər səsləndirərək, onları təbrik edib.

Sonda yubilyarlar çıxış edərək, təşkilatçılığa və təbriklərə görə minnətdarlıqlarını bildiriblər.