Naxçıvan Dövlət Universitetində müəllimlərin yubileylərinin keçirilməsi ənənəsi davam etdirilir

Naxçıvan Dövlət Universitetində müəllimlərin yubileylərinin keçirilməsi ənənəsi davam etdirilir

Ali təhsil ocağının Pedaqoji fakültəsinin Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Nazim Əliyevin 70, həmin kafedranın müəllimi, dosent Yusif Vəliyevin isə 60 illik yubileyi qeyd olunub.

          Universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq diqqətə çatdırıb ki, artıq müəllimlərin yubileylərinin keçirilməsi ənənəsi uzun müddətdir davam etməkdədir. Hər iki müəllimin kadr hazırlığındakı əməyindən söz açan rektor, yubilyarların idman sahəsindəki əvəzolunmaz rolunu yüksək qiymətləndirib. Vurğulanıb ki, Nazim Əliyevin və Yusif Vəliyevin universitetdə işlədiyi müddət ərzində tələbələr arasında idmanın xüsusilə futbol və voleybolun inkişafı nəzərə çarpacaq dərəcədədir. Elbrus İsayev fasiləsiz olaraq, yorulmadan fəaliyyət göstərən hər iki müəllimi təbrik edərək, onlara uzun ömür can sağlığı arzulayıb, universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib.

          Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev yubilyarların həyat və fəaliyyətləri haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, Yusif Vəliyevin universitetdə müəllimlik fəaliyyətinə başladığı ilk dövrlərdən etibarən fakültələr arası futbol yarışlarının təşkilində, tələbələrin təlim-məşq toplantısına cəlb olunmasında əvəzsiz rolu var.  Diqqətə çatdırılıb ki, Yusif Vəliyevin  rəhbərliyi altında universitetin futbol komandası 4 dəfə Naxçıvan Muxtar Respublika çempionu, 4 dəfə muxtar respublika kubokunun sahibi və 6 dəfə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan futbol turnirinin qalibi olub.

          Dekan, Nazim Əliyev haqqında danışarkən qeyd edib ki, voleybol idman növü üzrə saysız hesabsız uğuru olan müəllimin tələbələri də bir çox yarışlardan və turnirlərdən qalib ayrılıb. Belə ki, yubilyar yığma komandaya rəhbərlik etdiyi dövrdən etibarən universitet komandası respublika və şəhər çempionatında birinci yerə layiq görülüb, 2009-2010-2011-ci illərdə  Türkiyənin Qars şəhərində keçirilən Beynəlxalq turnirin qalibi olub.

          Vəli Əliyev yubilyarları təbrik edərək, fakültə adından onlara hədiyyə təqdim edib.

          Bədən tərbiyəsi və idman kafedrasının müdiri, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əvəz Tağıyev yubilyarları təbrik edərək, onlara xoş sözlər ünvanlayıb.

          Daha  sonra çıxış edənlər təbriklərə qoşularaq, hər iki müəllimə bundan sonraki fəaliyyətlərində uğurlar arzulayıblar.

          Sonda yubilyarlar təbriklərə, xoş sözlərə, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.

Leave a Reply

Your email address will not be published.