Naxçıvan Dövlət Universitetində müəllimlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb
Ali təhsil ocağının Xarici dillər fakültəsində Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, “Rus və şərq dilləri” kafedrasının baş müəllimi Rəmziyyə Əsgərovanın 70, həmin fakültənin “İngilis dili və tərcümə” kafedrasının baş müəllimi Bülbül Hacıyevanın 60 illik yubileylərinə həsr olunan tədbir keçirilib.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, vətəndaş, təhsil mühitinin yaradılmasında əməyi keçən hər bir müəllimin rolu əvəzolunmazdır ki, hər iki müəllim bu vəzifənin öhdəsindən layiqincə gəlməkdədir. Diqqətə çatdırılıb ki, Xarici dillər fakültəsində peşəkar mütəxəssis və kadrlar hazırlanır ki, artıq həmin kadrlar öz müəllimləri ilə çiyin-çiyinə fəaliyyət göstərirlər. Bu da müəllimlərin əməyinin, onların universitetin inkişafında əvəzsiz rolu olduğunun bariz nümunəsidir. Yubilyarların elmi-pedoqoji fəaliyyətlərini yüksək qiymətləndirən rektor, onları yubileyləri münasibətilə təbrik edərək universitetin fəxri fərmanını və gül dəstəsini hədiyyə edib.
Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli yubilyarlar haqqında danışarkən bildirib ki, 1986-cı ildən Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətinə başlayan Rəmziyyə Əsgərova, 1995-ci ildən “Rus və şərq dilləri” kafedrasında baş müəllim vəzifəsində çalışır, 8 elmi əsərin müəllifidir. Dekan Bülbül Hacıyeva haqqında məlumat verərkən diqqətə çatdırıb ki, müəllim 2000-ci ildən bəri universitetin İngilis dili və tərcümə kafedrasında fəaliyyət göstərir. Qeyd edilib ki, Bülbül müəllim eyni zamanda elmi fəaliyyətlə də məşğul olur ki, bu illər ərzində 13 elmi məqaləsi nəşr olunub. Dekan yubilyarları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İngilis dili və Tərcümə kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova qeyd edib ki, hər iki müəllim fəaliyyətlərinin ilk dövrlərindən tələblərin sevimlisinə çevriliblər. Vurğulanıb ki, məsuliyyəti, əməksevərliyi ilə seçilən müəllimlərin xidmətləri təqdirəlayiqdir.
Rus və Şərq dilləri kafedrasının müdir əvəzi Ceyhun Əliyev Yubilyarları təbrik edərək, onlara uzun ömür, can sağlığı arzulayıb.
Sonda yubilyarlar yaradılan şəraitə, göstərilən qayğıya, xoş sözlərə və təbriklərə görə minnətdarlıqlarını ifadə ediblər.