Naxçıvan Dövlət Universitetində müəllimlərin yubileylərinin qeyd olunması ənənə halını alıb

Ali təhsil ocağında Memarlıq və Mühəndislik fakültəsinin Memarlıq kafedrasının baş müəllimi Məmməd Rəcəbovun 70 illik, Dünya iqtisadiyyatı və Menecment kafedrasının baş müəllimi Mədinə Allahverdiyevanın isə 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, peşəkar müəllimlərə sahib olmaq universitetin ən yüksək göstəricilərindən biridir. Vurğulanıb ki, elm və təhsilə, müəllimlərə göstərilən qayğının nəticəsidir ki, ziyalılarımız cəmiyyətdə hər zaman ön sıralarda yer alır. Bildirilib ki, universitetin məzunları müxtəlif sahələr üzrə muxtar respublikada, Azərbaycanda hətta dünyada uğurla fəaliyyət göstərir ki, bunları da müəllimlərimizə borcluyuq. Universitetin çətin və keşməkeşli dövrlərində fasiləsiz olaraq fəaliyyət göstərən hər iki müəllimi universitetin canlı tarixi kimi qiymətləndirən rektor yubilyarları təbrik edərək, onlara uzun ömür can sağlığı arzulayaraq universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov yubilyar haqda danışaraq bildirib ki, Məmməd Rəcəbov 1974-1976-cı illərdə Tumaslı kənd orta məktəbində riyaziyyat müəllimi, 1977-ci ilən Naxçıvan Pedoqoji İnstitutunun Cəbr və həndəsə kafedrasında baş laborant, 1980-ci ilin fevralından həmin kafedrada müəllim, 1994-cü ildən baş müəllim, 2004-cü ildən 2018-ci ilədək Memarlıq və mühəndislik fakültəsində dekan müavini işləyib. Hal-hazırda həmin fakültənin Memarlıq kafedrasında baş müəllim vəzifəsində çalışır və 35 elmi məqalənin müəllifidir. Cavanşir müəllim hər iki yubilyarı təbrik edərək, onlara bundan sonraki fəaliyyətlərində uğurlar arzulayıb.

Memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova və Nəqliyyat mühəndisliyi və texniki fənlər kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev Məmməd müəllim ilə birgə çalışdıqları dövrləri xatırlayaraq, onun haqqında xoş fikirlər səsləndiriblər.

Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov Mədinə Allahverdiyeva haqqında dəyərli fikirlər səsləndirib.

Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova Mədinə müəllimi və Məmməd müəllimi yubileyləri münasibətilə təbrik edərək onları ideal müəllim adlandırıb.

Çıxış edənlər yubliyarların ünvanına xoş sözlər, səmimi arzular səsləndiriblər.

Məlumat üçün onu da bildirək ki, Mədinə müəllim 2005-ci ildən universitetdə pedoqoji fəaliyyətə başlayıb. İndiyə kimi 34 məqalə, 8 fənn proqramı, 2 metodik vəsaiti çap olunub. 2014-cü ildən universitetin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi seçilib. Hazırda Dünya iqtisadiyyatı və menecment kafedrasında müəllim kimi fəaliyyət göstərir.

Daha sonra tələbələrin müəllimləri üçün səsləndirdiyi musiqi nömrələri dinlənilib.

Sonda yubilyarlar çıxış edərək, xoş sözlərə, təbriklərə və təşkilatçılığa görə minnətdarlıqlarını ifadə ediblər.