Naxçıvan Dövlət Universitetində “Müasir dövrdə media etikası və hüquq” adlı  beynəlxalq simpozium keçirilib

Naxçıvan Dövlət Universitetində “Müasir dövrdə media etikası və hüquq” adlı  beynəlxalq simpozium keçirilib

Naxçıvan Dövlət Universiteti və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə Jurnalistika və Hüquqşünaslıq ixtisasları üzrə  20 ildən artıq müddət ərzində kadr hazırlandığı nəzərə alınaraq bu sahə üzrə perspektivlərin dəyərləndirilməsi labüddür. Elbrus İsayev  Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə məzunlarının qardaş ölkədən bu günkü simpoziuma qatılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Media etikasını jurnalist peşəkarlığının əsas prinsipi hesab edən rektor birgə keçirilən  simpoziumun əhəmiyyətindən bəhs edərək plenar iclasın işinə uğurlar arzulayıb.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Molla Nəsrəddin” jurnalında jurnalist etikası məsələləri” adlı çıxışında qeyd edib ki, “Molla Nəsrəddin” jurnalı doğma dilimizi yad sözlərlə zəhərləyənləri, onu zorla xarici dillərlə əvəz etməyə çalışanları həmişə tənqid edib. Jurnal hər zaman həqiqətə xidmət, dəqiqlik və obyektivlik prinsiplərini əlində rəhbər tutub.

“Beynəlxalq media sistemində diffamasiya anlayışı” adlı çıxışında Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva bildirib ki,  KİV-də diffamasiya hüquq pozuntusudur və mediaya qarşı şikayətlərin, məh­kəmə iddia­larının əksəriyyəti məhz belə hallarla əla­qədardır. Artıq bir çox ölkələrin qanun­ve­riciliyində diffamasiya cinayət əməli deyil, mülki və ya inzibati pozuntu hesab edilir. Diqqətə çatdırılıb ki, media etikası – jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir. Jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyi vurğulanıb.

Simpoziumda onlayn çıxış edən Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin professoru Nazira Taşpulatova “Özbəkistanın milli jurnalistikasının qanunvericilik sistemi” mövzusunda çıxış edərək öz ölkəsində mövcud olan jurnalistin etik qaydaları barədə danışıb. Professor bu mövzuda nəşr etdirdiyi “Media hüququ” adlı kitabı haqda məlumat verərək vurğulayıb ki, gələcəkdə bu sahə ilə bağlı birgə əməkdaşlıq aparıla bilər. 

Tədbirə onlayn qoşulan Naxçıvan Dövlət Universitetinin məzunu olmuş Türkiyənin Atılım Universitetinin dosenti, ictimaiyyətlə əlaqələr və reklamçılıq bölməsinin rəhbəri  İlqar Seyidov “Rəqəmsal etikada nəzəri müzakirə: problemlər və təkliflər” adlı çıxışında rəqəmsal medianın müasir cəmiyyətimizdə formalaşdırdığı müsbət və mənfi tendensiyalara nəzər salıb. İnternetdə etik tənzimləmə ilə bağlı “Netiket” adlanan qaydaların hələ 80-ci illırdə “Fidonet”  şəbəkəsinin üzvləri tərəfindən müəyyənləşdirdiyi qeyd olunub.

Türkiyə Respublikasının Milli Media Qrupunun Xarici siyasət departamentinin redaktoru, siyasi analitik olan digər jurnalistika məzunu Kazım Kazımov isə “Qloballaşma və mediada etika” mövzusundan bəhs edib. Müasir dünyanın qlobal informasiya cəmiyyətinin başlanğıcında dayandığını qeyd edən natiq bu cəmiyyəti sərhədsiz informasiya mübadiləsi və yüksək  səviyyəli informasiya texnologiyalarının inkişafı ilə əlaqələndirib.

Plenar iclasın sonunda simpoziumda çıxış edənlərə iştiraketmə vərəqəsi təqdim edilib. Onlayn olaraq simpozima qatılanlar isə elektron iştiraketmə vəsiqəsi əldə ediblər.

Simpozium ənənəvi və onlayn bölmədə 25 çıxışla yekunlaşıb. Simpoziumun ənənəvi bölməsində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, AMEA Naxçıvan Bölməsinin onlayn bölmədə isə  Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, İstanbul Universiteti, Özbəkistan Jurnalistika və  Kütləvi Kommunikasiyalar Universitetindən professor-müəllim heyətinin çıxışları dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.