
Naxçıvan Dövlət Universitetində “Müasir dünya və sosial psixoloji problemlər” mövzusunda elmi-praktik konfrans keçirilib
Naxçıvan Dövlət Universitetin “Pedaqoji” fakültəsində “Müasir dünya və sosial psixoloji problemlər” mövzusunda elmi-praktikkonfrans keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı Vəli Əliyev dünyada baş verən dəyişikliklər və qloballaşmanın cəmiyyətin həyatına bilavasitə təsirindən bəhs edib. Dekan qeyd edib ki, müasirləşmə prosesi cəmiyyətdə yeni düşüncəli, çevik təfəkkürə malik, yüksək ixtisaslı şəxsiyyətlərin formalaşdırılmasını da tələb edir. Bu məqsədlə ali təhsil ocağı da öz fəaliyyətini gənclərin sağlam psixologiyada, yenilikçi ideaya sahib və dövlətçilik ənənələrimizə sadiq yetişdirilməsi istiqamətində qurur.
“Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mehparə Əhmədova “Gənclərin şəxsiyyətinin formalaşmasında sosial mühitin rolu” mövzusunda çıxış edərək, gənclərin şəxsiyyətinin formalaşması istiqamətində həyata keçirilən islahat və layihələrin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, gənclərin yetişdirilməsində təhsil və tərbiyə ilə yanaşı, informasiya və kommunikasiya texnologiyaları və sosial mühitin rolu böyükdür. Müasirləşmə nə qədər zəruridirsə, milli mənliyini, mədəniyyəti unutmaq da o qədər təhlükəlidir.
Daha sonra “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Solmaz Bayramovanın “Dünyada baş verən sosial-psixoloji problemlərin xüsusiyyətləri, səbəbləri və çıxış yolları” mövzusunda məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, hazırda cəmiyyətimizin çoxşaxəli sosial-məişət, sosial-psixoloji, mədəni-mənəvi və s. kompleks amillərin təsirinə məruz qalması, mövcud vəziyyətdə müasir gəncliyin dayanıqlılığının möhkəmləndirilməsi yönündə müvafiq addımlar atılır. Gələcək nəslin bu mənada daha sağlam inkişafı məqsədilə tələbələrin intellektual və ünsiyyət qabiliyyətlərinin, eləcə də psixi inkişafın digər göstəricilərinin psixodiaqnostikası keçirilir və intensiv inkişaf yolları müəyyənləşdirilir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.