Naxçıvan Dövlət Universitetində “Müasir dünyanın sosial-psixoloji problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib

Ali təhsil ocağının Pedaqoji fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev mövzunun mahiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək müasir dövrün sosial problemlərindən danışıb.

“Pedaqogika və psixologiya” kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Salatın Hacıyeva “Müasir dövrün əsas sosial psixoloji problemləri” mövzusunda çıxış edib. Bildirilib ki, qloballaşan müasir dünyada gedən geniş miqyaslı proseslər güman etməyə əsas verir ki, sivilizasiya dəyərlərinin tempinin artması və onların istifadə radiusunun genişlənməsi mühitində insan resurslarının tükənməsi müşahidə olunur. Faktiki olaraq müasir dövrdə sivilizasiya dəyərlərinin artım dinamikası insanın daxili imkanlarının artımına tərs mütənasibdir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılıb.

Sonra “Uşaqlara qarşı zorakılıq cəmiyyətin sosial psixoloji problemi” mövzusunda çıxış edən “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Solmaz Bayramova qeyd edib ki, məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda büruzə verir. Bu hal uşaqlarda arzuolunmaz davranışların müşahidə olunmasına səbəb olur.

Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Kərimova müasir dövrdə uşaqların şəxsiyyət kimi formalaşmasına təsir edən sosial psixoloji amillərdən danışıb.

Sonda bu problemlərin aradan qaldırılması yolları ətraflı izah edilib.