Naxçıvan Dövlət Universitetində “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ali təhsil ocağında “Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatı” tərəfindən “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” yaradıcılıq müsabiqəsi keçirilib. Bu məqsədlə ali təhsil ocağında keçirlən mükafatlandırma mərasimində tələbələrin yaradıcılıq müsabiqəsinə təqdim edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra müsabiqəyə təqdim edilib qalib seçilən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inkişaf və tərəqqi strategiyasını layiqli şəkildə davam etdirən Ali Məclisin sədri Vasif Talıbov sədr seçildiyi 1995-ci il 16 dekabr tarixindən etibarən muxtar respublikanın davamlı inkişaf etməsi üçün gərgin əmək sərf edib. Heç təsadüfi deyil ki, müsabiqənin keçirilməsi də məhz əlamətdar tarixi günə təsadüf edir. Qeyd edilib ki, sabitlik, dinamik inkişaf, məhsul istehsalı və ixrac potensialının artırılması, əhalinin rifahının yaxşılaşdırılması, elm və təhsil sahəsinə göstərilən qayğı universitetin də inkişafına böyük təsir göstərib.

“Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi İlk Partiya təşkilatının” sədri Arzu Abdullayev çıxışı zamanı qeyd edib ki, layihənin əsas məqsədi Naxçıvanın keçdiyi inkişaf dövrünü və bu inkişafın arxasında duran uğurlu strategiyanı tələbələrin gözündən görmək, onların bacarıqlarını və ideyalarını ortaya çıxarmaqdır. Vurğulanıb ki, müsabiqə 4 istiqamətdə “Publisistik məqalə və ədəbi nümunələr”, “Rəsm əsəri”, “Tələbə tədqiqat işi” və “Video təqdimat” mövzuları üzrə təşkil edilib.

Publisistik məqalə və ədəbi nümunələr istiqamətində 103 məqalə təqdim edilib. “Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi Məcid Əkbərov qalib olub. Həmin ixtisas üzrə İlahə Allahverdiyeva II, Naxçıvan Müəllimlər İnstitutunun doktorantı Ayxan Hüseynli isə III yerə çıxıblar.

Ümumilikdə 51 əsərin təqdim edildiyi rəsm əsəri nominasiyası üzrə I yer “Rəngkarlıq” ixtisası üzrə Əlizaman Abdinlinin olub. “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Səbinə Cəfərova II, Naxçıvan  Dövlət Texniki Kollecinin III kurs tələbəsi Elnur Tağıyev isə III yerə layiq görülüblər.

53 nəfər tələbə-tədqiqat işi layihəsində iştirak etsə də I yeri universitetin “İngilis dili” ixtisası üzrə IV kurs tələbəsi Sürayyə Piriyeva qazanıb. Universitetin “Psixologiya” ixtisası üzrə I kurs tələbəsi Sevil Quliyeva II, “Stomatologiya” ixtisası üzrə I kurs türkiyəli tələbə Osman Tan isə  III yeri qazanıb.

Video təqdimat istiqaməti üzrə 58 tələbə öz qabiliyyətini sınayıb.  “Dünya iqtisadiyyatı” ixtisası üzrə IV kurs tələbəsi Kamal Babazadə qalib seçilib. Həmin ixtisas üzrə III kurs tələbəsi Firuz Məmmədli II, “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə I kurs tələbəsi Sərxan Əliyev III yeri bölüşüblər.

Qeyd edək ki, layihəyə bu ilin oktyabr ayının 15-dən start verilib və dekabr ayının 5-i yekun vurulub.

Sonra yaradıcılıq müsabiqəsinin qaliblərinə pul mükafatı və diplom təqdim edilib.

Sonda İncəsənət fakültəsinin hazırladığı konsert proqramı  tamaşaçılarda xoş ovqat bəxş edib.