
Naxçıvan Dövlət Universitetində “Naxçıvan ekosisteminə baxış” mövzusunda konqres keçirilib
Ali təhsil müəssisəsinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin təşkilatçılığı ilə baş tutan konqresin plenar iclasında giriş nitqi ilə çıxış edən universitetin rektoru Elbrus İsayev Naxçıvan ekosisteminin öyrənilməsi və tədqiq olunmasının əhəmiyyətindən söz açıb. Bildirilib ki, ekosistem çərçivəsində dünyanı təhdid edən bir sıra ekoloji çətinliklərin olduğu dövrdə bu cür aktual mövzuya toxunulması, bir-birindən maraqlı elmi iddiaların, tezislərin konqresə təqdim edilməsi qlobal və regional olaraq bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan mühüm bir addımdır. Vurğulanıb ki, Respublikamız biomüxtəliflik baxımından dünyada zəngin ölkələrdən biridir. “Regionumuzda ilk xüsusi mühafizə olunan təbiət ərazisi hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan ümumi ərazisi 40 min hektar olan Ordubad Dövlət Təbiət Yasaqlığı olub” – deyə Elbrus İsayev çıxışında qeyd edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli sərəncamı ilə Azərbaycanda ilk milli park, Ordubad Milli Parkı və Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb.
Rektor universitetdə Naxçıvan təbiətinin inkişaf qanunauyğunluqları, təbii ehtiyatlar və onların ekocoğrafi xüsusiyyətlərinin elmi-tədqiqat planlarına əsasən tədqiq olunduğunu deyib. Diqqətə çatdırılıb ki, ali təhsil ocağının Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edən Baytarlıq, Ekologiya mühəndisliyi, Biologiya və bu fəsildən olan digər ixtisaslarda kifayət qədər maddi texniki bazanın mövcudluğu və müəllimlərin bu sahədə apardığı elmi-tədqiqat işləri savadlı kadr hazırlığına öz töhvəsini verməkdədir.
Elbrus İsayev konqresin işinə uğurlar arzulayaraq, çıxışını sonlandırıb.
AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışı zamanı Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının flora və fauna biomüxtəlifliyi, nadir, nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması, çoxaldılması, genefondun yaradılması, ekosistemin mühafizə olunması və bioresurslardan optimal istifadə problemlərinin araşdırıldığını bildirib. Qeyd edilib ki, institutun elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən məqalə və nəşrlər Respublikada və bir sıra xarici ölkələrdə dərc olunub. Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində biomüxtəlifliyin qorunması sahəsində mühüm amillərdən biri təbii mühit unikallığının, bitki və heyvan ehtiyyatlarının qorunması və bərpa edilməsidir ki, bunun da əsasını xüsusi mühafizə olunan təbiət ərazilərinin (qoruq, milli park, yasaqlıq və b.) yaradılması təşkil edir.
Sonra Bioresurslar İnstitunun baş direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikasında Ön Asiya bəbirinin ( Panthera Pardus Tullina) və onun yem bazasının müasir vəziyyəti” mövzusunda çıxışı dinlənilib. Qeyd edilib ki, muxtar respublika ərazisində olan bəbirləri və onun qida obyektini öyrənmək məqsədilə ərazi, relyef və hündürlük qurşaqları nəzərə alınıb, 4 stasionar ərazidə 14 müşahidə məntəqəsi olmaqla 82 yer seçilib. Belə ki, təyin olunan məntəqələrdə 3 tip fototələdən istifadə etdilərək bəbirlərin şəkilləri çəkilib. Bildirilib ki, Qafqaz bəbiri Qafqaz Ekoregionunun Mühafizə Planında diqqət mərkəzində olan növ kimi tanınır və artan mühafizə tədbirlərinə baxmayaraq, bəbir bütün regionda yox olmaq təhlükəsindədir. İsmayıl Məmmədov hal-hazırda muxtar respublika ərazisində 12 yetkin və 11 bala bəbirin mütəmadi olaraq fototələlər vasitəsilə şəkil və videolarının çəkildiyini, onların əsas yem bazasının isə Bezoar keçisi (qaya keçisi) və Asiya muflonu (dağ qoyunu) olduğunu diqqətə çatdırıb.
“Naxçıvan Muxtar Respublikası florasında yayılan gülçiçəklilər fəsiləsinin oduncaqlı növlərinin ekosistemlərdə qruplaşması” mövzusunda çıxış edən universitetin Biologiya kafedrasının müdiri, biologiya elmləri dotoru, dosent Daşqın Qənbərov nəzərə çatdırıb ki, dünyada müxtəlif ekosistemlər mövcuddur və onların da hər biri ekoloji və geoloji şəraitdən təsirlənən unikal floraya və faunaya malikdir. Daşqın Qənbərov bildirib ki, apardıqları tədqiqatlara əsasən Naxçıvan Muxtar Respublikası florasında yayılan Gülçiçəklilər fəsiləsinin 12 cinsinə aid 79 oduncaqlı növü təhlil edilərək, 4 ekosistem üzrə qruplaşdırılıb.
Daha sonra konqres ənənəvi bölmədə 23, onlayn bölmədə isə 13 məruzə olmaqla bölmə iclasları ilə davam edib.