
Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı respublika elmi konfransı keçirilib
“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır” bu sözlər Naxçıvan Dövlət Universitetində keçirilən “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında” adlı konfransda səsləndirilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olub, əsl intibah səviyyəsinə yüksəlib. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verib və bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir. Rektor diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında təhsilin, maarif və mədəniyyətin inkişafı Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə qırılmaz surətdə əlaqədar olub, bütövlükdə ölkəmizdə həyata keçirilən düzgün, düşünülmüş inkişaf strategiyasının məntiqi nəticəsidir.
“1995-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında milli –mənəvi dəyərlər” adlı çıxışında Azərbaycan tarixi kafedrasının tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov vurğulayıb ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Qeyd edilib ki, hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.
Universitetin İngilis dili və tərcümə kafedrasının müəllimi Aidə Cəlilzadə “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafına dövlət qayğısı” adlı çıxışında qeyd edib ki, Ümummilli Liderimiz təhsilə üstün istiqamət verərək “Təhsil millətin gələcəyidir” deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verərək iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoyub. Vurğulanıb ki, ölkə təhsilinin inkişafı məqsədilə nəzərdə tutulan proqramlar və layihələr bütün ölkədə olduğu kimi, muxtar respublikada da uğurla həyata keçirilir.
“Naxçıvanda azad iqtisadı zonanın yaradılması perspektivləri” adlı çıxışında universitetin “İqtisadiyyat” kafedrasının müəllimi Elşən Nəsirov bildirib ki, ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması məqsədilə yaradılan azad iqtisadi zona 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanıb. Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında da bazar münasibətlərinin dərinləşməsi, biznes fəaliyyətinin genişlənməsi istiqamətində Azad İqtisadi Zonaların yaradılmasının mühüm iqtisadi önəmi vardır. Son illərdə aparılan davamlı islahatlar siyasəti ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə imkan yaradıb, dinamik sosial-iqtisadi inkişafa təkan verib.
Konfrans “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının siyasi-iqtisadi inkişafı” və “Müstəqillik dövrü Naxçıvan Muxtar Respublikasında ictimai və mədəni proseslər” adlı bölmə iclasları ilə davam edib.