Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabın təqdimat mərasimi keçirilib
Ali təhsil ocağında Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyevin “Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan aqrar sahə ilə yanaşı hər bir sahədə əldə edilimiş inkişaf 30 ilə yaxın bir dövrdə muxtar respublika rəhbəri tərəfindən ulu öndər siyasətinə uyğun həyata keçirilən uğurlu siyasətin, vaxtında və düzgün verilən düşünülmüş qərarların təzahürüdür. Qeyd edilib ki, universitetimiz muxtar respublikada aqrar sahə üzrə kadr hazırlayan yeganə təhsil ocaqlarından biridir. Rektor diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab da bu sahə üzrə təhsil alan tələbələr və tədqiqatçılar üçün bələdçi rolunu oynaya bilər.
İqtisadiyyat kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov çıxışı zamanı bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri əhalinin keyfiyyətli və təmiz ərzaq məhsulları ilə təmin olunmasıdır. Məhz bu baxımdan da kitabda qeyd olunan kənd təsərrüfatı məhsullarının istehsalı, taxılçılıq, toxumçuluq və.s kimi mövzular xüsusi önəm kəsb edir. Bu istiqamətdə görülən işlər ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün vacib əhəmiyyətə malikdir. Vurğulanıb ki, aqrar sahə ilə bağlı bütün mövzuların bir kitabda birləşdirilməsi tədqiqatçılar üçün bir informasiya bazası, bir dayaq nöqtəsi hesab edilə bilər.
Mühasibat uçotu və maliyyə kafedrasının professoru, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov qeyd edib ki, müəllif kitabda kompleks islahatların aparılması, aqrar təhlükəsizliyin təmin edilməsi, məhsulların ixrac olunması statistikası ilə yanaşı heyvandarlığın müxtəlif sahələrindən quşçuluq, arıçılıq, balıqçılıq və.s kimi mövzular haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, kitab Naxçıvanda istehsal potensialının yüksəldilməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.
Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədov vurğulayıb ki, müəllif kitabda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş hüquqi sənədləri, aqrar sahənin bütün istiqamətlərini ayrıca bölmə şəklində təhlil edərək oxucuların diqqətinə çatdırıb.
Daha sonra İqtisadiyyatın tənzimlənməsi ixtisaslaşması üzrə II kurs magistrant Mərhəmət Bayramov kitabın xüsusən tələbələr üçün faydalı bir mənbə olacağını qeyd edib.
Müəllif kitabın ərsəyə gəlməsində, nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.