Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional Dövlət proqramlarının icrası müstəvisində (2004-2018-ci illər)” dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional Dövlət proqramlarının icrası müstəvisində (2004-2018-ci illər)” dərs vəsaitinin təqdimatı olub

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Dünya iqtisadiyyatı və menecment” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı regional Dövlət proqramlarının icrası müstəvisində (2004-2018-ci illər)” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov ölkə başçısının məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının təsdiqi və icrası istiqamətində muxtar respublikanın yüksək templə inkişaf strategiyasını dərs vəsaitində təqdim edən müəllifin elmi və araşdırmaçılıq fəaliyyətini yüksək qiymətləndirib və ona yaradıcılıq uğurları arzulayıb.

“Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru dosent Ceyhun Mahmudov qeyd edib ki, dərs vəsaitində 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dövründə muxtar respublikada əldə olunan çoxşaxəli perspektivlərdən söhbət açılıb, geniş tədqiqat obyektinə cəlb olunub. Əsərin tamamlanmasında statistik göstəricilər əsasında təhlillər aparılıb, elmi cəhətdən əsaslandırılmaqla, müəllif tərəfindən şəkillər, sxemlər və cədvəllər tərtib olunub. Giriş və 9 fəsildən ibarət dərs vəsaitində muxtar respublikanın sosial-iqtisadi inkişafı və milli iqtisadi quruculuq prosesləri və müxtəlif sahələr üzrə inkişaf perspektivləri araşdırılıb.

İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov bildirib ki, modern milli iqtisadiyyat üçün aktual olan anlayışların izahı təqdim olunan dərs vəsaiti tələbələr, magistrant, dissertant, doktorantlar ibarət gənc tədqiqatçılar və digər maraqlananlar tərəfindən istifadə oluna bilər.

Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov vurğulayıb ki, hazırlanan dərs vəsaitində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, ona şərait yaradan, mahiyyət verən, onu şərtləndirən amillərdən söz açılıb. Bu sahədə dövlətin uğurlu iqtisadi siyasətindən, hüquqi-iqtisadi tənzimləmə vasitələrindən və digər stimullaşdırıcı mexanizmlərin çevik təsirindən məlumat verilib.

“Menecment” ixtisası üzrə IV kurs tələbəsi Sinan Bağırov və digər tələbələr dərs vəsaiti ilə bağlı fikirlərini bölüşüblər.

Sonda müəllif universitetdə yaradıcılıqla məşğul olan hər bir ziyalı üçün mövcud olan şərait üçün öz minnətdarlığını ifadə edib.