
Naxçıvan Dövlət Universitetində “Naxçıvan muxtariyyətinin beynəlxalq tarixi əhəmiyyəti”ilə bağlı tədbir keçirilib
“Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz”- ümummilli liderin bu sözləri Naxçıvan Dövlət Universitetində “Naxçıvan muxtariyyətinin beynəlxalq tarixi əhəmiyyəti” mövzusunda elmi-nəzəri konfransda səsləndirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən – Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2021-ci il fevralın 8-də tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncam diqqətə çatdırılıb və Türkiyə arasında imzalanmış Qars müqaviləsinin Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəd olduğu bildirilib. Elbrus İsayev Dağlıq Qarabağda erməni qüvvələrinə qarşı qələbə ilə başa çatan altı həftəlik müharibədən sonra Azərbaycanla Ermənistanın imzaladığı anlaşma sayəsində Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə Ermənistan üzərindən quru koridorun qurulmasının əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, “Mehri dəhliz”i Azərbaycanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun açılması kimi zəruri bir üstünlük qazandıracaq və “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olan yeni yol qardaş ölkə ilə əlaqələrimizi daha da gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini artıracaqdır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Unitar dövlətlərdə muxtariyyətlər və Naxçıvan Muxtar Respublikası” mövzusunda çıxışında diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin edib, regionu çiçəklənən diyara çevirib. Unitar quruluşa malik Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində siyasi muxtariyyət olduğu vurğulanıb. Onun yaranmasının əsas səbəbinin 1918-1920-ci illərdə Azərbaycanın tarixi vilayəti olan Zəngəzurun ermənilər tərəfindən işğalı olduğu bildirilib. Qeyd edilib ki, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi Naxçıvanın ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib.
“Naxçıvan muxtariyyəti beynəlxalq müqavilələrdə” mövzusunda çıxışında “Beynəlxalq münasibətlər” kafedrasının dosenti Şamxal Məmmədov vurğulayıb ki, Türkiyə ilə sovet Rusiyası arasında bağlanan Moskva və bir tərəfdən Türkiyə və digər tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistan tərəfindən imzalanmış Qars müqavilələri ilə Naxçıvana Azərbaycanın tərkibində siyasi muxtariyyət statusu verilib.
Fəlsəfə və sosial iş kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Bağır Babayev “Naxçıvanın tarixi-coğrafi şəraiti ilə bağlı muxtariyyət statusunun əhəmiyyəti” ilə bağlı çıxışında qeyd edib ki, çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.