Naxçıvan Dövlət Universitetində Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” adlı monoqrafiyanın təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” adlı monoqrafiyanın təqdimatı keçirilib

Ali təhsil ocağının Elmi Kitabxanasında “Naxçıvan rəssamlarının yaradıcılığında ənənə və müasirlik” adlı monoqrafiyanın təqdimatı keçirilib. Müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, universitetin İncəsənət fakültəsinin dekanı Cavid İsmayılov, elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev olan kitabın təqdimatında ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev çıxış edərək incəsənət sahəsində elmi axtarışları yüksək qiymətləndirib. Bildirilib ki, universitet Elmi Şurasının 29 dekabr 2022-ci il tarixli qərarı ilə çapa tövsiyyə olunan əsər Naxçıvanda dünyaya göz açmış təsviri sənət ustalarının yaradıcılıq axtarışlarına həsr olunub.

Təqdimata onlayn qoşulan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev qeyd edib ki, monoqrafiyanın əsas məzmununu Azərbaycanın sovetləşməsindən sonra Naxçıvanda baş verən bədii proseslərin iştirakçısı olan rəssam və heykəltəraşların əsərlərinin təhlili təşkil edir. Vurğulanıb ki, kitabın mətninin çoxsaylı illüstrasiyalarla müşayiət olunması da oxucuların mətni daha aydın və əhatəli anlamaq məqsədinə xidmət edir.

Azərbaycan Respublikasının Xalq rəssamı, Təsviri incəsənət kafedrasının professoru Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Səidə Məmmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli çıxış ediblər. Bildirilib ki, monoqrafiya təsviri sənət həvəskarları, rəssam və sənətşünaslar üçün nəzərdə tutulub. Eyni zamanda çıxış edənlər Bəhruz bəy Kəngərlinin adı ilə bağlı olan Naxçıvanda təsviri sənətin özünəməxsus inkişaf dinamikası haqda məlumat veriblər.

Müəllif Naxçıvanda rəssamlığın inkişafına yaradılan şəraitin yaradıcı insanlara motivasiya verdiyini diqqətə çatdırıb.

Təqdimatda çıxış edənlər rəssama bundan sonrakı yaradıcı və elmi fəaliyyətində uğurlar arzu edib.

Leave a Reply

Your email address will not be published.