Naxçıvan Dövlət Universitetində “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti və fənn proqramının təqdimatı olub
Universitetin “İncəsənət” fakültəsinin sərgi salonunda öz dizaynı ilə fərqlənən “Təsviri incəsənət” kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın müəllifi olduğu “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti və “Naxçıvan xalçaçılıq məktəbi” fənn proqramının təqdimatı keçirilib. Təqdimatda milli- mənəvi dəyərləri əks etdirən, eləcə də Naxçıvanın xovlu, xovsuz xalça nümunələrindən kilim, cecim və. s detalların köməyilə kompozisiya qurulub. Kompozisiyanın mərkəzində milli geyimli tələbə qızlar qədim xalçaçılıq və bəddi tikmə nümunələrini ictimaiyyətə təqdim ediblər. Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev dərs vəsaitini “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022- ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 9 aprel tarixli Sərəncamına mühüm töhvə olaraq dəyərləndirib. Bildirilib ki, təqdim edilən dərs vəsaiti muxtar respublikada xalçaçılığın inkişafı, tətbiqi istiqamətində görülən işlərin əməli nəticəsidir. Universitetdə də bu istiqamətdə görülən işləri diqqətə çəkən rektor vurğulayıb ki, ali təhsil ocağında iki xalçaçılıq kabinəsi yaradılıb ki, onlardan biri “Pedaqoji” digəri isə “İncəsənət” fakültəsində yerləşir. Bildirilib ki, artıq xalçaçılıq sahəsində toxunma əl işləri hazırlanır, sərgilərdə nümayiş etdirilir və satışa çıxarılır. Rektor kitabın nəinki tələbələr, hətta bu işlə həvəskar məşğul olanlar üçün də faydalı olacağını bildirib. Elbrus İsayev müəllifi təbrik edərək ona yaradıcılıq uğurları arzulayıb.
Universitetin “Təsviri incəsənət” kafedrasının professoru, Xalq rəssamı Hüseynqulu Əliyev qədim tarixə malik xalçaçılıq sənətindən danışıb. Bildirilib ki, təqdim olunan dərs vəsaitində xalça sənətinin inkişafı haqda məlumat verilib, bədii tikmələr, onun növləri kompleks şəkildə nəzərdən keçirilib. Eləcə də Naxçıvan xalçalarının təsnifatına uyğun olaraq, xovlu, xovsuz xalçalar, onların sənətkarlıq xüsusiyyətəri və xalçalarda işlənən ornamentlərin mənası şərh edilib.
Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru, Naxçıvan Rəssamlar Birliyinin üzvü Ülviyyə Bağırova bildirib ki, nadir sənət nümunələrindən olan xalça sənətinin YUNESKO- nun Qeyri Maddi Mədəni İrs siyahısına daxil edilməsi bu sənət növünün dünyada bir daha tanıdılmasına təkan verir. Vurğulanıb ki, bu sahəyə hər zaman dövlət tərəfindən qayğı ilə yanaşılıb. Muxtar respublika rəhbərinin təşəbbüsü ilə xalçaların reyestri sisteminə Naxçıvanda olan 635 ədəd əl ilə toxunmuş xalça daxil edilib.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvü Fizzə Quliyeva qeyd edib ki, dərslik mövcud proqram əsasında yazılıb, bakalavr, magistr pilləsi üçün
nəzərdə tutulub. Xalçaçılığın tədrisi və tətbiqi baxımından dərsliyi yüksək qiymətləndirən Fizzə Quliyeva müəllifi uğurlu iş üçün təbrik edib, elmi- pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları xoş arzu və istəklərini müəllifə ünvanlayıb. Müəllif göstərilən qayğıya görə öz minnətdarlığını bildirib.
Sonda milli üslubda tərtib olunan təqdimat zalında tələbələrin miniatür kompozisiyalı, milli-tikmə sənəti nümunələrindən ibarət 30-dan artıq əl işi sərgilənib.