Naxçıvan Dövlət Universitetində Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş onlayn respublika konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika-elmi konfransı keçirilib. Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədovun moderatorluq etdiyi konfransda giriş sözüylə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfrans iştirakçılarını salamlayaraq, Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğunu vurğulayıb.  Qeyd edilib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır. Bildirilib ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır. Rektor diqqətə çatdırıb ki, “Nizami İli” çərçivəsində Nizami irsinin tələbələr arasında daha geniş təbliğ olunması, dahi mütəffəkkirin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələri gənc nəslə aşılamaq məqsədilə universitetdə silsilə tədbirlər – konfranslar, müzakirələr, müsabiqələr, dəyirmi masalar və s. keçirilir. Həmçinin, vurğulanıb ki, universitetin Elmi Kitabxanasında dahi şairin ədəbi irsi, onun haqqında yazılmış əsərlərin sərgisi də nümayiş olunur.

Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova “Nizami Gəncəvinin söz dünyası” adlı çıxışında yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb, şairin bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.

“Nizami Gəncəvi yaradıcılığında tolerantlıq və çoxmədəniyyətlilik” mövzusunda çıxış edən Mingəçevir Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova  qeyd edib ki, Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlayıb, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş edib. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.

“Naxçıvan folklorunda Nizaminin “Xosrov və Şirin” poeması ilə səsləşən rəvayətlər” mövzusunda Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya üzrə elmlər doktoru Yusif Səfərov dahi şairin yaradıcılığında folklor məsələlərinə toxunub, bəzi maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans “Nizami Gəncəvi yaradıcılığında dil və ədəbiyyat məsələləri”,  “Nizami Gəncəvi yaradıcılığında elm, əxlaq və tərbiyə” adlı bölmə iclasları ilə davam edib. Qeyd edək ki, bölmə iclaslarında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akdemiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun Şamaxı və Şəki filialı, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşları elmi məqalələrlə çıxış ediblər.