
Naxçıvan Dövlət Universitetində növbəti dərslik tələbə və gənc tədqiqatçıların istifadəsinə verilib
“Ümumi cərrahiyyə cərrahlıq sənətinin əlifbasını öyrədir. Ona görə də onun tədrisi əlifbanın tədrisi kimi olmalıdır. Bütün cərrahlıq ixtisasına gedən yollar ümumi cərrahiyyənin dəhlizindən başlayır” – bu sözləri Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev universitetin professoru, tibb elmləri doktoru İsa Abdullayevin “Ümumi cərrahlıq” adlı dərsliyinin təqdimatında qeyd edib. O bildirib ki, tibbi kadrların hazırlanmasında maddi-texniki imkanlarla yanaşı, elmi-metodiki göstəricilərin lazımi səviyyədə olması tədrisdə keyfiyyətin təşkili üçün mühüm amil hesab olunur. Azərbaycan tibb elmində səkkizinci, muxtar respublikada ilk olan dərslik, həkimlik yolunda addım atan tələbələr, rezidentlər, tədqiqatçılar üçün qiymətli metodik vəsait hesab olunur.
Dərsliyin rəyçisi, Tibb fakültəsi Ümumi təbabət və kliniki fənlər kafedrasının baş müəllimi, tibb elmləri namizədi Sabir Novruzov elmi əsərdə Cərrahlığın inkişaf tarixi, Antiseptika, Aseptika, Ağrısızlaşdırma və onun növləri kimi fəsillərdə müxtəlif yanaşmalar, ümumi qənaətlər və fərqləndirici xüsusiyyətlər barədə söhbət açıb.
Tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılov müəllifin araşdırdığı və dərslikdə geniş yer verdiyi cərrahi əməliyyatlar və onun növləri barədə maraqlı nüansları iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, tibb sahəsində yeniliklər hər zaman böyük maraq doğurur. Xüsusən, invaziv neyroradiologiya və robotik cərrahiyyə sahəsində yeni tədqiqatlara və tədqiqatçılara muxtar respublikada böyük ehtiyac duyulur. Belə elmi əsərlərin nəşri gənc alimlər üçün maraqlı və gərəkli tədqiqat sahələrində stimullaşdırıcı amil ola bilər.
Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva elmi əsər barədə çıxış edərkən nəfis tərtibatı və geniş həcmi ilə fərqlənən dərsliyi ali təhsil ocağının tələbələri və həkimlər üçün mükəmməl praktik əsər kimi qiymətləndirib. Onun sözlərinə görə, on səkkiz fəsildən ibarət olan dərsliyin bütün bölmələri, xüsusən, müasir təbabətin hələ də sonadək araşdırılmamış sahəsi olan transplantologiya haqqında aparılan araşdırma zəngin məlumatlar təqdim edir.
Dərsliyin illustrasiyalı tərtibatı barədə danışan Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov müxtəlif foto və qrafiklərlərə geniş yer verilməsini müsbət qiymətləndirərək, bunun tələbələr üçün əyani və vizual informasiya mənbəyi kimi faydalı olacağını diqqətə çatdırıb.
Çıxış edənlərdən ümumi cərrahiyyə ixtisası üzrə həkim-rezident Samirə Həsənzadə elmi rəhbəri və dərsliyin müəllifi İsa Abdullayevə tibb sahəsinə gərəkli olan fenomen bir əsərin ərsəyə gəlməsində göstərdiyi əzmkarlığa görə, oxucu qismində dərin minnətdarlığını ifadə edib.
Təqdimatda ATU Ümumi cərrahlıq və anesteziologiya kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar həkimi Çərkəz Cəfərov başda olmaqla, ATU Elmi Tədqiqat Mərkəzinin direktoru, Əməkdar Elm Xadimi, RF TTE Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki Qalib Qarayev, Türkiyə Cumhuriyyəti Kayseri-Erciyes Universitetinin Ümumi Cərrahlıq kafedrasının professoru Erdoğan Sözüer və ATU Ümumi cərrahlıq və anesteziologiya kafedrasının professoru Cabbar Hacıyev kimi görkəmli həkim və alimlərin video çarx formatında təbriki nümayiş olunub.
Çıxış edən müəllif bəzi maraqlı məqamlara aydınlıq gətirərək tədbir iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib.
Sonda prezident təqaüdçüləri Fuad Məmiyev və Turac Mehdiyeva, o cümlədən fakültənin öz potensialı ilə fərqlənən aktiv tələbələrinə müəllifin yeni kitabı hədiyyə olunub.