
Naxçıvan Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla başa çatıb
2020-2021-ci il payız semestrində imtahanlar gün ərzində 100 qrup olmaqla 1600 tələbənin iştirakı ilə keçirilib. Tələbələr elektron qaydada təşkil edilən imtahanlardan savayı ənənəvi-yazılı və şifahi qaydada da imtahan veriblər. Qeyd edək ki, hər gün keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq olunan otaq müəyyənləşdirilib. Bundan başqa xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanların şifahi qaydada keçirilməsi nəzərdə tutulub. Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində keçirilib. Universitetin rektoru Elbrus İsayev keçirilən imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. İmtahanların gedişi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.
Elektron imtahanlar bu semestr 13 elektron və 25 yazılı olmaqla kamera ilə təchiz edilmiş otaqlarda aparılıb.
İmtahanlara ümumi nəzarət etmək üçün isə 9 nəfərdən ibarət imtahan qərargahı yaradılıb. İmtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası da yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatı əldə edə bilir. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq edilir.
Məlumat üçün onu da bildirək ki, tələbələr universitetin elektron səhifəsində yerləşdirilən linkdən itifadə etməklə imtahan nəticələrini öyrənməklə bərabər universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Eyni zamanda səhifədə yaradılan rektora müraciət bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaması yaradılan obyektiv şəraitin ideal nümunəsi sayıla bilər.
İmtahanlarda bir yenilik də ondan ibarətdir ki, Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın tətbiqi sayəsində tələbənin müvəffəqiyyət və keyfiyyət faizləri avtomatik olaraq sistemə inteqrasiya olunur və bu da imtahan nəticələrinin hesablanmasını sürətləndirir.