Naxçıvan Dövlət Universitetində publisist-politoloq Reyhan Mirzəzadə ilə onlayn görüş olub
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Pedaqoji fikir tarixindən” kitabının müəllifi, tanınmış publisist Reyhan Mirzəzadə ilə onlayn görüş keçirilib
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələri seçilərək toplu halında oxuculara çatdırılan kitabı yüksək qiymətləndirib. Bildirilib ki, “Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın təhsil ictimaiyyəti üçün ən dəyərli nəşrlərdən biri, böyük dəyərə malik mütaliə materialıdır. Rektor diqqətə çatdırıb ki, kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Tədbirdə publisist Reyhan Mirzəzadə muxtar respublikaya sonsuz sevgi hissini ifadə edərək Naxçıvanla bağlı xoş xatirələrini bölüşüb. Müəllif “Pedaqoji fikir tarixindən” və “A.S.Qriboyedov: şair-diplomat” kitablarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən təsdiqlənmiş “Oxunması zəruri olan kitablar” siyahısına salınmasını böyük sevinc və minnətdarlıq hissi ilə vurğulayıb. Tədbirdə həm gənclər, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin faydalana biləcəyi görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirlər səsləndirilib. Tələbələri maraqlandıran sualları cavablandıran yazıçı-publisist yaradıcılığı haqda danışaraq eyni zamanda “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərindən də bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, Qriboyedovun “İrəvan yürüşü” adı ilə məşhur olan qeydlərində Naxçıvan barədə xeyli məlumatlara rast gəlinir. Reyhan Mirzəzadə bildirib ki, şair-diplomatın 1819-cu ildə Naxçıvanla tanışlığı, burada qalması, onun yazılarında Qazançı, Culfa, Sədərək kimi şəhər və kəndlərin adlarının çəkilməsindən aydın olur ki, Naxçıvan diplomat-yazıçının daim diqqətində olub.
Sonra çıxış edən Elmi Kitabxananın direktoru Fariz Əhmədov publisist Reyhan Mirzəzadə yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev və “Pedaqogika və psixologiya” kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova “Pedaqoji fikir tarixindən” kitabı haqda məlumat verib. Çıxışlarda qeyd olunub ki, tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi öz dəyərli əsərləri ilə daha da zənginləşdirib.
Sonda universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov keçirilən müzakirəni yüksək qiymətləndirərək publisist Reyhan Mirzəzadəyə öz minnətdarlığını ifadə edib.