Naxçıvan Dövlət Universitetində Qadir Quliyev anılıb

Naxçıvan Dövlət Universitetində Qadir Quliyev anılıb

Ali təhsil müəssisəsində Pedoqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə  Qadir Quliyevin 75-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 1947-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində dünyaya gələn Qadir Əbülhəsən oğlu Quliyev müəyyən dövrlərdə bir neçə ali təhsil ocağında müxtəlif vəzifələrdə çalışaraq, muxtar respublikada “Psixologiya” ixtisasının və kafedrasının yaradılmasında böyük əmək sərf edib. Yaşadığı dövr ərzində elmi axtarışlarda olan mərhum alim-pedaqoq Tbilisi şəhərində yerləşən D.N.Usnadze adına Psixologiya İnstitutunda namizədlik dissertasiya işi müdafiə edərək, öncə psixologiya üzrə fəlsəfə doktoru, daha sonra isə dosent elmi adına layiq görülüb. “Təlim tərbiyə prosesində tələbatların inkişaf dinamikası” adlı monoqrafiyanın, 40-dan artıq elmi əsərin, 3 metodiki götərici və tövsiyənin müəllifi olan Qadir Quliyev doktorluq dissertasiyasını tamamlasa da müdafiə prosesini yekunlaşdırmaq qismət olmayıb və 2001-ci ildə o vəfat edib.

Anım təbirini giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev Qadir Quliyevin timsalında ali təhsil ocağında peşəkar müəllimlərə göstərilən diqqətdən danışaraq qeyd edib ki, müəllim tələbə və həmkarlar, həm də elmi yaradıcı kollektiv tərəfindən sevilirsə, bu həmin peşə sahibləri üçün böyük mənəvi sərvət dəyərindədir. Öz peşə obrazını ilk auditoriyada yaradan, illərin təcrübəsi ilə formalaşdıran müəllim xeyirxahlıq, dürüstlük, səmimiyyət kimi müsbət keyfiyyətlərin vəhdəti ilə öz ali vəzifəsinin zirvəsinə yüksələ bilib. “Alim ömrü kitablarda, müəllim ömrü ömürlərdə yaşayır” deyən rektor vurğulayıb ki, Qadir müəllim yaddaşlarda sadə, ədalətli və elmə böyük önəm verən müəllim kim qalmaqdadır.

Qadir Quliyevin həyat və yaradıcılığı barədə məlumat verən Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Taleh Xəlilov bildirib ki, Qadir Quliyev alim kimi heç vaxt məşğuliyyətsiz olmayıb. Bir şəxsiyyət kimi tələbələri və həmkarları qarşısında onun məziyyətləri olduqca çoxdur. Kimisi onu qürurlu bir insan, kimisi də möhkəm xarakterə malik müəllim kimi xarakterizə edir.

Qadir Quliyev barədə xatirələrini danışan qonaqlardan professor İsmayıl Əliyev, dosent Vahid Rzayev, dosent Qızıltac Şahbazova və baş müəllim Solmaz Bayramova Qadir Quliyevin müəllim və şəxsiyyət kimi müsbət keyfiyyətlərinə istinad edərək onu muxtar respublikanın ilk psixoloqlarından biri kimi nəzərdən keçiriblər.

Çıxışların sonunda ürək sözlərini deyən Naxçıvan Müəllimlər İnstitutunun Təlim tərbiyə işləri üzrə prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev Qadir Quliyevin oğlu və davamçısı kimi qürur hissi keçirdiyini dilə gətirib. “Gələcək öz keçmişinin çiynində gedir” deyən prorektor bildirib ki, görkəmli şəxsiyyətlər zamanında elmin təməlini sağlam qurduqlarına görə, bu gün bu sahədə inamla irəli addımlamaq mümkün olur.

Sonda Qadir Quliyevin xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

Leave a Reply

Your email address will not be published.