
Naxçıvan Dövlət Universitetində “Qarabağa qayıtdıq” adlı dəyirmi masa keçirilib
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Qarabağda qazandığımız qələbə münasibətilə “Qarabağa qayıtdıq” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov açıb. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vurğulanıb ki, şanlı qələbəmizin təməlində Ali Baş Komandanın sarsılmaz qətiyyəti və müzəffər şanlı ordumuzun rəşadəti dururdu. Prorektor gənc nəslin təlim-tərbiyəsində bu cür tədbirlərin əhəmiyyətini önə çəkib.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova “Qarabağın coğrafi mövqeyi və tarixi haqqında elmi izahı” adlı çıxışında qeyd edib ki, Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Azərbaycanın ayrılmaz parçası olan Qarağın qədim və zəngin tarixinə nəzər salan Sevinc Abbasova qədim Azərbaycan tarixinin ən incə məqamlarına nəzər salıb, tarixi keçmişimizi tələbələrə ən xırda detallarına qədər izah edib.
44 günlük ikinci Qarabağ müharibəsi zamanı tələbələrin milli vətənpərvərlik ruhunda fəaliyyəti haqqında Riyaziyat müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi, Universitet Tələbə Gənclər Təşkilatının sədr müavini Hüseyn Məmmədov tarixi qələbə münasibətilə gəncləri təbrik edib. Vurğulanıb ki, gənclər tariximizi daha dərindən öyrənməli və gələcək nəsillər örnək olmalı və baş verən hadisələri gələcək nəsillərə çatdırmalıdırlar.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb, mövzu ilə əlaqədar müzakirə edilib.