Naxçıvan Dövlət Universitetində Qaradəniz Texniki Universiteti ilə birgə Beynəlxalq Apiterapiya və Təbiət konqresi keçirilib

Naxçıvan Dövlət Universitetində Qaradəniz Texniki Universiteti ilə birgə Beynəlxalq Apiterapiya və Təbiət konqresi keçirilib

Konqres Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb. Ali təhsil ocağının rektoru Elbrus İsayev hər kəsi salamlayıb, bu cür konqresə ev sahibliyi etməkdən məmnun olduğunu dilə gətirib. Rektor Türkiyə universitetləri ilə birgə aparılan beynəlxalq əməkdaşlıq məsələlərindən söhbət açıb. Bildirilib ki, müasir dövrdə qloballaşan dünyada milli-mədəniyyət, tarixi və etnik köklərin birliyi ilə bir-birinə bağlı olan Azərbaycan Respublikası və Türkiyə Respublikası bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq və bərabərlik nümayiş etdirirlər. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində Türkiyə Respublikasının özünəməxsus yeri olduğunu qeyd edən Elbrus İsayev  birgə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb.  Rektor konqresin işinə uğurlar arzulayıb.

Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı professor-müəllim heyətini salamlayaraq, Türk millətinin sahib olduğu dəyərlərdən söz açıb. Elm, texnologiya sahəsində qazandığımız uğurların təməli universitetlərdə qoyulmalıdır-deyən  professor  bu sahədə ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyətin düşdüyünü diqqətə çatdırıb. Hamdullah Çuvalcı bildirib ki, artıq ötən il tibb forumunda əsası qoyulan əməkdaşlıq, bugünkü konqresdə iştirak gələcəkdə birgə layihələrin icrası üçün geniş imkanlar açır. 

İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma çıxış edərək Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışıb. Professor ikitərəfli münasibətlərin inkişafı naminə gələcək perspektivləri  müzakirə edib. Alternativ tibb sahəsində elmi nəşrlərin əhəmiyyətli olduğunu qeyd edən rektor birgə layihələrin əhəmiyyətindən danışaraq gələcəkdə bu istiqamətdə elmi araşdırmalar aparmağın əhəmiyyətinə toxunub.

Qaradəniz Texniki Universitetinin professoru Oktay Yıldız, Naxçıvan MR Kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan MR Səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov çıxışlarında Naxçıvanda bu cür konqresin təşkilindən xüsusilə razılıq ifadə ediblər.    

Trabzon Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı ”Yüksək apiterapevtik dəyərə malik Anadolunun arı məhsulları” mövzusunda çıxışında  Türkiyədə arıçılıq texnologiyasından, son 10 ildə apiterapiya sahəsində qazanılan uğurlardan danışıb. Türkiyənin bal bioçeşitliliyi baxımından da yüksək sırada dayandığını qeyd edən professor ölkəsinin bal istehsalında dünya üzrə II olduğunu qeyd edib. Sevgi Kolaylı bu sahədə apardığı elmi təcrübələri diqqətə çatdıraraq Covid-19 xəstəliyi zamanı apiterapiya üsullarının faydalı cəhətlərindən söhbət açıb. Propolisin özəllikləri, arı südü, arı zəhəri, çiçək tozunun insan orqanizminə müalicəvi təsirləri barədə ətraflı məlumat verilib. Sevgi Kolaylı diqqətə çatdırıb ki, apardığım elmi araşdırmalarım, qazandığım uğurların əsasında təcrübələrim dayanır.

AMEA-nın Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Azərbaycanda yaşayan etnik qrupların faydalı bitkilərdən istifadəsi” adlı çıxışında ilk dəfə olaraq nəsli kəsilməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi barədə məlumat verib. Alim bioekologiyasını, fitosenologiyasını və təsərrüfat əhəmiyyətini öyrəndiyi 300-ə qədər növün areal xəritəsini təqdim edib, həmçinin, Azərbaycan biomüxtəlifliyində dərman preparatlarında istifadə edilən bəzi maddələrin xammal mənbəyi barədə danışıb.

“İnteqrativ tibb – qeyri-infeksion xroniki xəstəliklərin müalicəsi üçün XXI əsr təbabəti” adlı çıxışında Azərbaycan Tibb Universitetinin professoru, əməkdar həkim  Fikriyyə İbrahimli xroniki xəstəliklərin kompleks, polietioloji müalicəsində inteqrativ tibbin rolundan danışıb. Professor Şərq və Qərb təbabətinin birləşməsindən doğan inteqrativ təbabəti gələcəyin təbabəti adlandırıb.

Konqresdə sonuncu çıxışı Azərbaycan Peşəkar Arıçılar Birliyinin prezidenti Elşən Məmmədov edib.

Sonda NDU-nun İncəsənət fakültəsi Xalq çalğı alətləri ansamblının, “Nuh yurdu” ritm qrupunun, Qaradəniz Texniki Universitetinin Gözəl sənətlər bölümünün ifasında gözəl musiqi nömrələri səsləndirilib.

Qeyd edək ki, üç gün davam edəcək konqresdə üz-üzə və onlayn olmaqla 6 ölkədən 300-dən artıq çıxış dinləniləcək. “Təbiət və təməl elmlər”, “Tibb elmləri”, “Alternativ və tamamlayıcı tibb”, “Apiterapiya”, “Arıçılıq və arıçılıq məhsulları” sahələri üzrə bölmə çıxışları bu sahənin elmi inkişafına öz töhvələrini verəcək.

Leave a Reply

Your email address will not be published.