
Naxçıvan Dövlət Universitetində qardaş ölkənin Naxçıvandakı baş konsulu ilə görüş keçirilib
Ali təhsil müəssisəsində baş tutan görüşdə universitetin rektoru Elbrus İsayev Türkiyənin muxtar respublikadakı Baş Konsulluğu ilə universitet arasındakı səmərəli əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırılıb ki, iki qardaş ölkənin timsalında, regionda inkişaf etmiş iki güc dövlətinin birliyinin bu ölkələrin müxtəlif sahələrinə, o cümlədən təhsil sahəsində informasiya və təcrübə mübadiləsinə təsiri nəzərə çarpacaq dərəcədədir. Antalya Bilim Universiteti və Antalya Akdəniz Universitetləri ilə qarşılıqlı əlaqələrin yaradılacağından bəhs edən rektor qardaş ölkənin ali təhsil ocaqları ilə əlaqələrin bundan sonra daha da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə edib, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxış edərək Türkiyə-Azərbaycan əlaqələrinin elm və təhsil sahəsində də böyük nailiyyətlər qazandığını vurğulayıb. İki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin davam etdiyini diqqətə çatdıran Baş konsul bu faktı milli kimliyə bağlılıq, ortaq dəyərlərə hörmətin təcəssümü kimi dəyərləndirib. Baş konsul çıxışının sonunda Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, xidməti müddətində əməkdaşlığın inkişafına göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonda Elbrus İsayev Baş Konsul Məhmət Emin Kiraza “Xarı Bülbül” simvolu əks olunan tablo və tələbələrin hazırladığı keramika nümunəsi hədiyyə edib.
Məhmət Əmin Kiraz da öz növbəsində Elbrus İsayevə rəsm əsəri hədiyyə edərək məhsuldar əməkdaşlığa görə minnətdarlıq edib.