
Naxçıvan Dövlət Universitetində qış semestrinin imtahan sessiyası davam edir
2019-2020-ci tədris ilinin qış semestrində imtahanlar gün ərzində 55-60 olmaqla 1100-1200 tələbənin iştirakı ilə keçirilir. Tələbələr elektron qaydada təşkil edilən imtahanlardan savayı ənənəvi-yazılı qaydada da imtahan verirlər. Qeyd edək ki, hər gün keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq olunan otaq quraşdırılıb. Bundan başqa xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanların şifahi qaydada keçirilməsi nəzərdə tutulub. Şifahi imtahanlar müvafiq kafedralar tərəfindən razılaşdırılmış qaydada fakültə daxilində keçirilir. Universitetin rektoru Elbrus İsayev keçirilən imtahanların gedişi prosesi ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. İmtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.
Semestr ərzində cəmi 22437 tələbənin iştirakı ilə 1263 sayda keçirilməsi planlaşdırılan imtahanların 515-i yazılı, 748-i isə elektron qaydada nəzərdə tutulub.
2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 6 elektron və 6 yazılı olmaqla kamera ilə təchiz edilmiş 12 otaqda aparılır.
Yazılı imtahana 3-4, elektron imtahana isə 2 nəfər olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri nəzarət edir. İmtahanlara ümumi nəzarət etmək üçün isə 6 nəfərdən ibarət imtahan qərargahı yaradılıb.
Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameraları şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatı əldə edə bilir. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq edilir.
Qeyd edək ki, imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
Məlumat üçün onu da bildirək ki, bu ilki imtahanların ötən ildə keçirilən imtahanlardan fərqi ondan ibarətdir ki, tələbələr imtahanların yazılı və test olması ilə əlaqədar bilgilərlə əvvəlcədən tanış olur və imtahanlara daha rahat və asan hazırlaşmaq imkanı əldə edirlər. Qeyd edilən yenilik bir də bundan ibarətdir ki, tələbələr universitetin facebook səhifəsində yerləşdirilən linkdən itifadə etməklə imtahan nəticələrini öyrənməklə bərabər universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Eyni zamandan səhifədə yaradılan rektora müraciət bölməsinə daxi olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaması yaradılan obyektiv şəraitin ideal nümunəsi sayıla bilər.