
Naxçıvan Dövlət Universitetində rəssam, heykəltaraş Elman Cəfərovun 70 illik yubileyi keçirilib
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində fakültənin müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, Elman Cəfərovun rəsm, heykəltaraşlıq və qrafika janrında işlədiyi əsərlərdən ibarət sərgisi təşkil edilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev rəssamı şəxsiyyəti ilə sənəti bütünləşən sənətkar adlandırıb və təşkil edilən sərgini yubiliyarın yaradıcılığına töhvə olaraq dəyərləndirib. Diqqətə çatdırılıb ki, Elman Cəfərov yaradıcılıqla məşğul olmaqla bərabər, həmçinin dəyərli bir pedaqoqdur. Rektor yaradıcılığında vətənpərvərlik motivlərinin qabarıq nəzərə çarpdığı sənətkarın vətənpərvərliyinin gənc nəslə bir örnək olduğunu diqqətə çəkib.
Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva yubiliyar haqda məlumat verərək qeyd edib ki, yüksək yaradıcılıq potensialı ilə seçilən Elman müəllim öz təvazökar davranışı ilə də hər zaman kollektivin dərin hörmətini qazanıb. Vurğulanıb ki, bu illər ərzində dəfələrlə ümümittifaq və respublika sərgilərində uğurla iştirak edən Elman Cəfərovun ilk monumental əsəri Naxçıvan şəhərində yerləşən at üzərində “Babək”in obrazıdır. Bildirilib ki, sonra heykəltaraş “Dədə Qorqud”un, Babək rayon mərkəzi üçün Babəkin ayaqüstü heykəlini işləyib, I və II Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimizin büst və barelyeflərini hazırlayıb.
Azərbaycan Respublikasının Xalq rəssamı, professor Hüseynqulu Əliyev, AMEA-nın müxbir üzvü, Tofiq Əliyev yubiliyarla bağlı xatirələrini bölüşüb, ürək sözlərini çatdırıblar.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov Elman Cəfərovu universal bir sənətkar kimi dəyərləndirib. Qeyd edilib ki, rəssamın sərgidə 40-dan çox əsəri nümayiş olunub. Bildirilib ki, Elman müəllim rəsm, heykəltaraşlıq üslubunda çəkilən əsərlərlə yanaşı ali təhsil ocağında ilk dəfə qrafika -illustrasiya janrında sərgilən ilk əsərlərin müəllifidir.
Tədbirdə çıxış edənlər yubiliyarı təbrik edib, ona cansağlığı, yaradıcılıq uğurları arzulayıblar.
Sonra yubiliyar II Qarabağ müharibəsi şəhidi Xansu Qurbanov, Aşur Cəmiyevin barelyefini ailə üzvlərinə təqdim edib. Şəhid Xansu Qurbanovun anası öz minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Elman Cəfərov 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Əkbər Ağayev adına internat məktəbində alan Elman Cəfərov 1968 ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olub və həmin məktəbi fərqlənmə diplomu ilə bitirib. Təhsilini 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəssamlıq” fakultəsində davam etdirən Elman müəllim 1980-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və Rəssamlar İttifaqının Bədii fondunda əmək fəaliyyətinə başlayıb.