Naxçıvan Dövlət Universitetində şair Xanəli Kərimlinin 10-cu kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində şair Xanəli Kərimlinin 10-cu kitabının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin “Tanrı müjdəsi (şeirlər, poemalar)” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatı giriş sözüylə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov kitabların təqdimatlarının və müzakirələrinin keçirilməsinin artıq ali təhsil ocağında mütəmadi hal aldığını diqqətə çəkib. Prorektor müəllifin yaradıcılığını yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov Haqqa tapınan şair kimi qiymətləndirən Xanəli Kərimlini şəxsiyyət və yaradıcılığı ilə üst-üstə düşən sənətkar kimi dəyərləndirib. Qeyd edilib ki, vətəndaşlıq lirikasının görkəmli nümayəndəsi olan şairin şeirlərində M. Araz poeziyasının, M.H.Şəhriyar lirikasının ətri duyulur. Vurğulanıb ki, çoxşaxəli yaradıcılığı olan Xanəli Kərimli sözün ali dəyərini anlayıb insanı qiymətə mindirən, qiymətdən endirən vasitənin yenə də söz olduğunu deyir. Ömrünün 70-ci baharına qədəm qoyan şairin çapdan çıxan 10-cu kitabı münasibətilə təbrik edən Arif Ağalarov  ona yaradıcılıq uğurları arzulayıb.

Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov şairin həyat və fəaliyyəti haqda danışıb. Qeyd edilib ki, Xanəli Kərimli şairlik istedadı ilə bərabər pedaqoji fəaliyyəti ilə hər zaman öndə olub, müəllim yoldaşlarının, dərs dediyi tələbələrin dərin hörmət və ehtiramını qazanıb. Vurğulanıb ki, Cənubi Azərbaycan ədəbiyyatının araşdırıcısı olan Xanəli müəllim ali təhsil ocağında bu fənnin tədrisi ilə də məşğul olur.

Tədbirdə çıxış edənlər şairin yaradıcılığını yüksək qiymətləndirib, şeirlərini bədii təhlil ediblər. Çıxışlarda həmçinin qeyd olunub ki, Xanəli Kərimli fəaliyyət göstədiyi sahələrin çoxluğu ilə yadda qalan,  hər sahədə xüsusi bacarığı və istedadı ilə seçilən bir şair, ziyalı, əsl yoldaş və dostdur. Diqqətə çatdırılıb ki, “Tanrı müjdəsi (şeirlər, poemalar)” kitabı şarin 70 illik yubileyinə özünün ərməğanıdır.

Müəllif sonda çıxış edərək kitabı haqda səsləndirilən dəyərli fikirlərə görə öz minnətdarlığını ifadə edib.