Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetində Smart tələbə kartlarının təqdimatı keçirilib

Bu münasibətlə keçirilən tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, smart tələbə kartlarının hazırlanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş  “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Qeyd olunub ki, smart tələbə kartları  ali təhsil ocağının elektronlaşma mərhələsində ən böyük uğurlarından sayılır. Vurğulanıb ki, gələcəkdə bütün universitet əməkdaşları üçün smart kartların verilməsi yüksək innovasiyaların və yeni texnologiyaların sürətlə tətbiq olunduğu ali təhsil ocağında elektron universitet modelinin möhkəmlənməsində və inkişafında mühüm hadisə olacaq.  Rektor diqqətə çatdırıb ki, gələcəkdə Texnologiyalar parkının imkanlarından istifadə üçün adı çəkilən kartlardan istifadə ediləcək.

Sonra Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı smart kartların mahiyyəti və xüsusiyyətlərindən danışıb. Qeyd olunub ki, smart tələbə kartları layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və Naxçıvan Dövlət Universitetinin təşəbbüsü, Naxçıvanbank ASC və Mastercardın dəstəyi ilə 2020-ci ildən həyata keçirilir. Vurğulanıb ki, buraxılış kursları istisna olmaqla bakalavriat və magistatura təhsil pillələrinin əyani şöbəsində təhsil alan ümumilikdə 3000-ə yaxın tələbəyə və bu tədris ilində isə universitetin I kursunda təhsil alan 1200-ə yaxın tələbəyə smart kartlar təhvil verilib. Diqqətə çatdırılıb ki, bu kartlar unikal olmaqla yanaşı bir çox mühüm xüsusiyyətlərə və üstünlüklərə malikdir. Qeyd edilib ki, bu kartlar tələbələr üçün yeni vahid beynəlxaq standartlarla hazırlanmış tələbə biletidir. Kartın mühüm xüsusiyyətlərindən biri də debet bank kartı olmasıdır. Bildirilib ki, artıq tələbələrə istər dövlət, istərsə də tədris müəssisəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcək, tələbələr ölkə daxilində və xaricdə bu kartlarla istənilən ödənişləri rahatlıqla həyata keçirə biləcəklər. Eyni zamanda bütün regionlardan rahatlıqla bu kartlara maliyyə vəsaiti göndərmək mümkün olacaq. Ülvi Baxışlı diqqətə çatdırıb ki, tələbələr smart kartdan universitet, kitabxana, oxu zallarına, digər ictimai və sosial məkanlara giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulur. Sözügedən kartların hazırlanması tələbə biletlərinin və sifariş  olunan təqaüd kartlarının xərclərinin də optimallaşdırılmasında mühüm rol oynayacaq. Eyni zamanda bu kartlardan istifadənin  genişləndirilməsi ölkədə nağdsız ödənişlərin təşviqində müasir ödəniş mədəniyyətinin formalaşdırılmasında, maliyyə savadlılığının artırılmasında mühüm addım olacaq.

Daha sonra Dilşünaslıq ixtisası üzrə I kurs magistrant Aytac Ələkbərovanın və Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi İnfil Zeynalovun çıxışları dinlənilib. Qeyd olunub ki, bu cür layihələrin hazırlanması universitetin tələbələrə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Sonda yüksək nəticə ilə ali təhsil ocağına qəbul olan tələbələrə smart kartlar təqdim edilib.