Naxçıvan Dövlət Universitetində stomatoloqlar üçün qiymətli kitabların təqdimatı keçirilib

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində professor Nazim Pənahov, Hənifə Musayeva, dosent Rauf Cəfərovun “Prosthodontics” dərslik və dosent Elnur İmanov və dosent Rauf Cəfərovun “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitinin təqdimatı keçirilib. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq ali təhsil ocağında professor-müəllim heyətinin kitab təqdimatlarının keçirilməsinin artıq ənənə halı aldığını qeyd edib. Bildirilib ki, bu gün oxuculara təqdim edilən kitablar tibbdə stomatologiya ixtisası sahəsində olan boşluğu aradan qaldıracaq. Rektor hər iki universitetin gənc həkim-stomatoloqları, rezident və tələbələrinin faydalana biləcəyi kitabların müasir tədrisin tələblərinə uyğun, nəfis şəkildə tərtibatına görə müəllifləri təbrik edib, onlara yeni elmi uğurlar arzulayıb.

Azərbaycan Tibb Universitetinin “Ortopedik stomatologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar həkim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş stomatoloqu Nazim Pənahov qeyd edib ki, 21 fəsildən ibarət “Ortopedik stomatologiya: Dişlərin morfologiyası və oyma texnikası” dərsliyi 7 kitab halında rus və ingilis dili olmaqla 2 dildə nəşr olunub. Bildirilib ki, dərslik fərqli tərzdə tərtib edilərək 728 rəsm və şəkillərlə müşayiət edilən informativlik üslubunda yazılıb. Professor kitabdakı fəsillər haqqında detalları slayd vasitəsilə təqdim edib.

Tədbirə onlayn qoşulan Azərbaycan Tibb Universitetinin “Uşaq stomatologiyası” kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitinin həmmüəllifi Elnur İmanov stomatologiyanın geniş yayılan xəstəliklərindən danışaraq kitabda bu sahənin ən aktual məsələrinin yer aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 8 fəsildən ibarət olan dərs vəsaitində stomatoloji xəstəliklərin müasir müalicə və profilaktikası, hamilə qadınlar, uşaqlar və yeniyetmələrdə və yaşlılar arasında profilaktik tədbirlərin keçirilmə xüsusiyyətləri, stomatoloji müayinələrdə istifadə olunan üsullar, ağzın gigiyenası və bir çox mövzulara ətraflı izah verilib.

Naxçıvan Dövlət Universiteti “Stomatologiya” kafedrasının müəllimi Zaur Hüseynov və həmin kafedranın “Ortopedik stomatologiya” üzrə həkim-rezidenti Mehdi Qasımov çıxış edərək bildiriblər ki, kitablarda stomatoloji xəstəliklərin profilaktikasına aid müasir üsul və vəsaitlər haqqında geniş məlumatlar, dişlərin inkişafı, diş və parodontun quruluşu, dişlərin çıxması, diş formulları təfərrüatı ilə öz əksini tapıb. Vurğulanıb ki, ayrı-ayrı dişlərin morfologiyası geniş təsvir olunmaqla yanaşı, müxtəlif növ modelləşdirilən materiallardan istifadə etməklə dişlərin oyma texnikası ətraflı açıqlanıb.

Sonra təqdimatı keçirilən kitabların həmmüəllifi, Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov dərsliklərin rus və ingilis dilində hazırlanmasının hər iki universitetdə təhsil alan əcnəbi tələbələr üçün müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdıraraq kitabın nəşr olunmasında göstərilən diqqət və qayğıya minnətdarlıq edib.

Daha sonra tədbir iştirakçıları kitab haqqında öz fikirlərini bölüşüb və müəlliflərə uğurlar arzulayıblar.

Sonda müəlliflər oxuculara kitabları hədiyyə ediblər.

Qeyd edək ki, professor Nazim Pənahov universitetə səfəri çərçivəsində Tibb fakültəsin “Stomatologiya” ixtisasında təhsil alan tələbələrə “Stomatologiyanının müasir problemləri” mövzusunda ustad dərsi keçib.