
Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin Naxçıvanın tarixi-mədəni abidə komplekslərinə və muzeylərinə ekskursiyası təşkil olunub
“Əshabi-Kəhf ziyarətgahı” ilə tanışlıq zamanı bildirilib ki, Naxçıvanın qədim tarixi-mədəni abidələrindən biri də insanların ən qədim dini inanclarının qorunub saxlanıldığı “Əshabi- Kəhf ziyarətgahı” Dini-mədəni abidə kompleksidir. Qeyd edilib ki, Naxçıvan şəhərindən 12-13 km məsafədə yerləşən ziyərətgah il ərzində yüzlərlə turist və yerli əhalini qonaq edir. Mağaranın quruluşu, təbii coğrafi şəraiti ilə tanışlıq buranın ilkin yaşayış məskənlərindən biri olmasını söyləməyə imkan verir. Diqqətə çatdırılıb ki, ziyarətgahın ərazisində “Qonaq Evi”, “Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərir. Daha sonra tələbələr ekskursiyaya başlayıb, ətrafla tanış olublar.
“Heydər Əliyev Muzeyi”ndə olan tələbələrə məlumat verilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzey yarandığı dövrdə 420 eksponatla fəaliyyətə başlasa da bu gün muzey fondunda 5379 eksponat mövcuddur. Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur. Ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunan stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə tələbələrə ətraflı məlumat verib. Ümummilli lider və Mustafa Kamal Atatürkün həyat yolu və siyasi fəaliyyəti ilə bağlı oxşar məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə Xatun türbəsi ilə tanışlıq tələbələrdə xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatunun məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Nəinki Azərbaycan, bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatun türbəsi sərdabə və yerüstü hissələrdən ibarətdir.
Xan sarayında da olan tələbələrə məlumat verilib ki, bura Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Xüsusi qaydada inşa edilən və xalq tətbiqi sənətinin bir çox növlərinin birləşdiyi saray orijinal memarlıq üslubu ilə seçilir. Muzeydə Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunan kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, məişət əşyaları – misgərlik nümunələri, saxsı və çini qablar, qədim kişi və qadın milli geyimləri də nümayiş etdirilir.
Əcnəbi tələbələr ekskursiyadan böyük məmnuniyyət hissi ilə ayrılıblar.
