Naxçıvan Dövlət Universitetində “Təhsildə inkişaf mərhələləri: Rəqəmsallaşdırma və gələcək perspektivlər” mövzusunda I  respublika elmi konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində “Təhsildə inkişaf mərhələləri: Rəqəmsallaşdırma və gələcək perspektivlər” mövzusunda I  respublika elmi konfransı keçirilib

Ulu öndərin 100 illik yubileyi ərəfəsində təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində keçirilən növbəti tədbir milli təhsil sistemimizin keçdiyi inkişaf yolu, təhsilin inkişaf dinamikasının mərhələli şəkildə təhlil olunması məsələlərinə dair olub. Ali təhsil ocağında təhsilin rəqəmsallaşdırılmasının perspektivlərinə həsr olunan konfrans öz işinə ümummillii liderimizin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, konfransda Azərbaycanda ali, orta ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin tədqiq olunması, təhsil sistemində kurikulum və boloniya təhsil sisteminin tətbiqinin vəziyyəti, dünya informasiya və təhsil məkanına inteqrasiya olunması və digər məsələlər öz əksini tapıb. Rektor vurğulayıb ki, elektron təhsil, onlayn sənəd dövriyyəsi, akademik idarəetmə və s. kimi təhsilin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet ali təhsil ocağında artıq rəqəmsal mühitin tam formalaşdığını sübut edir. Bildirilib ki,  elektron təhsil və multimedia infrastrukturu layihəsi çərçivəsində irəliyə doğru müsbət addımlar atılmaqdadır.  Elbrus İsayev konfransın işinə uğurlar arzu edib.

Naxçıvan Müəllimlər İnstitutunun professoru, pedaqogika elmləri doktoru İsmayıl Əliyev qeyd edib ki, təhsil sisteminin əsas məqsədi milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaqdır.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov, Azərbaycan Respublikası  Təhsil İnstitutu, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Nurlana Əliyeva çıxışlarında  müasir dövrümüz üçün çox aktual bir məsələnin tədqiqinə həsr olunan konfrans yüksək dəyərləndiriblər. Çıxış edənlər tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması, informasiya təhlüksizliyinin təmin olunması, təhsildə yeni təlim texnologiyalarının tətbiqinin səmərəliliyi, təhsilin 5.0 -a keçidinin sürətləndirilməsi, STEAM təhsilin səmərəliliyinin öyrənilməsi  məsələləri qeyd olunub.

Konfrans 3 ənənəvi, 2 onlayn olmaqla 5 bölmədə öz işini davam etdirib. Azərbaycan Respublikası Təhsil İnsitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı,  Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universitetinin əməkdaşları olmaqla konfransda  ümumilikdə 60-dan çox məruzə dinlənilib.

Qeyd edək ki, tədbirin moderatoru Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Taleh Xəlilov olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.