Naxçıvan Dövlət Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təlimləri uğurla yekunlaşıb

Naxçıvan Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən ali təhsil ocağında agentliyin təlimlərinə start verilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac vardır. Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet kimi qeyd olunub. Rektor diqqətə çatdırıb ki, təlimlərin mahiyyəti rəhbərlik etdiyi ali təhsil ocağının pedaqoji və inzibati heyətinə daxili və xarici keyfiyyət təminatı sisteminə dair geniş məlumat vermək və daxili keyfiyyət təminatının formalaşmasına dəstək verməkdən ibarətdir.

Dörd gün davam edən təlimi Agentliyin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov keçib. Təlimin ilk günündə  təlimçi Təhsil müəssisələrinin akkreditasiya qaydalarından danışıb. Daxili və xarici keyfiyyət təminatı, mövcud təhsil standartları, akkreditasiya mərhələləri haqda ətraflı məlumat verilib.

Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar (ESG) haqda mövzuya təlimin ikinci günündə aydınlıq gətirilib. Keyfiyyət təminatı sistemi, tələbə yönümlü təhsil, tədris və qiymətləndirmə, tələbələrin komanda ilə işləmək bacarığı məqamları haqda ətraflı məlumat verilib. Tələbələrin ali məktəbə qəbulu, təhsil alması, tanınması və attestasiyası məsələləri barədə çıxış edən təlimçi tələbələrə dəstək, təhsil resursları haqda iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Asiman İlyasov təlimin üçüncü günündə Strateji idarəetmə və daxili idarəetmə sisteminin qurulması mövzusunda çıxışında bildirib ki, strategiya və keyfiyyət siyasəti idarəetmə strategiyası ilə başlayır. Qeyd edilib ki, strukturlararası kommunikasiya onlar arasında hesabatlılıq al təhsil müəsisələrinin strategiyası ilə bağlı olmalıdır. Həmçinin planlama, daxili nəzarət mexanizmləri, audit zamanı daxili nəzarət strukturu haqda təlim iştirakçıları məlumatlandırılıb.

Təlimin son iki günündə təlimçi Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması və Sillabusların dizaynı, təlim nəticələrinin yazılması və qiymətləndirilməsi qaydalarından danışıb. Mövzular ilə bağlı müəllimlərin sualları ətraflı cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixli Sərəncamı ilə yaradılmış Təhsildə Keyfiyyət Agentliyinin fəaliyyət istiqaməti təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etməkdir.

Məlumat üçün onu da bildirək ki, Asiman İlyasov 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. 2015-ci ildən bəri müxtəlif illərdə Azərbaycan ali təhsil müəssisəslərində Əlavə təhsil bölməsinin müdiri, Gənc müəllimlərin yetişdirilməsi bölməsinin müdiri, İnsan resurslarının təlimi və inkişafı şöbəsinin müdiri, Keyfiyyətin təminatı şöbəsinin müdiri, strateji məsələlər üzrə rektor müşaviri kimi fəaliyyət göstərib. ERASMUS+ CRENG, BP Cisco, Dünya Bankı və OSCE-nin müxtəlif layihələrində, ERASMUS+EQAC (Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyətə Nəzarət Mərkəzlərinin qurulması) layihəsinin meneceri olaraq layihə çərçivəsində Litva, İspanya, İngiltərə və İsveçdə keyfiyyət təminatına dair müxtəlif təlimlərdə iştirak edən təlimçi 10 elmi məqalənin və 2 dərs vəsaitinin müəllifidir.