
Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərində fərqlənən tələbələr mükafatlandırılıb
Naxçıvan Dövlət Universitetində 2021-2022-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin mükafatlandırma mərasimi keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, TEC-nin əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi-texniki potensialının qorunub saxlanılması, magistr və bakalavr tələbələrinin elmi tədqiqat fəaliyyətini müasir şəraitə uyğun təşkil etməkdir. Bildirilib ki, cəmiyyətin işi tələbələrə elmi eksperiment aparmaq və alınmış nəticələri təhlil etmək, yerinə yetirilmiş tədqiqatların nəticələrinə dair hesabat hazırlayaraq çıxış etmək və elmi diskussiya aparmaq bacarıqlarının aşılanmasına xidmət etməkdir. Rektor TEC-nin işini yüksək qiymətləndirərək bundan sonrakı fəaliyyətində uğurlar arzu edib.
2021-2022-ci tədris ilində TEC xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bildirib ki, cəmiyyətin başlıca vəzifəsi tələbələrdə elmə olan marağı və münasibəti müsbət istiqamətə yönləndirməkdən ibarətdir. Vurğulanıb ki, hər il olduğu kimi cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri və heyəti tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, bu tədris ilində 414 müəllimin elmi-tədqiqat işlərinə rəhbərliyi ilə 677 tələbə elmi tədqiqat işi ilə məşğul olub. Diqqətə çatdırılıb ki, ötən illə müqayisədə elmi tədqiqat işlərinə maraq sayında 20 faiz artım qeydə alınıb.
Dünyanın bir sıra universitetlərinin Təhsilin idarəolunması mütəxəssislərindən universitetin bakalavriat və TEC xətti ilə elmi-tədqiqat işləri yerinə yetirən tələbələri üçün fikirlərinin yer aldığı videoçarx nümayiş edilib.
Tədbirdə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işləri yerinə yetirən kafedralardan Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rauf Cəfərov, Dünya iqtisadiyyatı kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov kafedralarda yerinə yetirilən elmi-tədqiqat işləri barədə çıxış ediblər.
Sonra universitet və bölmələr üzrə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən tələbələr diplom ilə mükafatlandırılıb.
Tədbirdə TEC-nin fəaliyyətində və elmi-tədqiqat işlərində fəallığa görə fərqlənən tələbələr təşəkkürnamə ilə təltif olunublar.
TEC xətti ilə yerinə yetirilən elmi-tədqiqat işlərində fəal elmi rəhbərlik etdiyinə görə Biologiya kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov, İnformatika kafedrasının müəllimi Fatma Müslümova təşəkkürnamə ilə təltif olunublar. Qeyd edək ki, adı çəkilən müəllimlərin müvafiq olaraq rəhbərliyi ilə “Biologiya müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Aydan Məhərrəmlinin “İstixanada yetişdirilən tərəvəz bitkilərinin tozlanmasında bombus arılarının rolu” adlı elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub və “Marketinq” ixtisası üzrə II kurs tələbəsi Elsun Cəfərov “Texnofest Azərbaycan” müsabiqəsinin final mərhələsində iştirak edib.
Daha sonra Elm və innovasiyalar bölməsinin könülllüləri “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə II kurs magistrant Aysun Süleymanlı və “Bitkilərin genetikası və seleksiyası” ixtisası üzrə I kurs magistrant Aysel Kərimli universitetin elmi və elmi-təşkilati işlərindəki fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunublar. Tədbirdə eyni zamanda Elm və innovasiyalar bölməsinin baş elmi işçisi Türkan Quliyeva universitetdə təşkil edilən fərdi sərgiyə görə diplomla təltif olunub.
Sonda “Tibb” ixtisası üzrə I kurs tələbəsi İnayet Motuk və “Stomatologiya” ixtisası üzrə V kurs tələbəsi Fərid Cəfərli tələbələr üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.