Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərində fərqlənən tələbələr mükafatlandırılıb.

Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərində fərqlənən tələbələr mükafatlandırılıb.

Naxçıvan Dövlət Universitetində 2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekun konfransı keçirilib. Tədbirdə TEC-in fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, TEC-nin əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, tələbələrin elmi-texniki potensialının qorunub saxlanılması, magistr və bakalavr tələbələrin elmi tədqiqat fəaliyyətini müasir şəraitə uyğun təşkil etməkdir. Bildirilib ki, cəmiyyətin işi tələbələrə elmi eksperiment aparmaq və alınmış nəticələri təhlil etmək, yerinə yetirilmiş tədqiqatların nəticələrinə dair hesabat hazırlayaraq çıxış etmək və elmi diskussiya aparmaq bacarıqlarının aşılanmasına xidmət etməkdir. Rektor vurğulayıb ki, muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, TEC işində fəallıq nümayiş etdirənlər 30 iyun-2 iyul tarixlərində “Ağbulaq” istirahət Mərkəzində “Elm və innovasiya” düşərgəsində olacaq, asudə vaxtlarının səmərəli keçirəcəklər.

2020-2021-ci tədris ilində Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları barədə Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova bildirib ki, TEC-in başlıca vəzifəsi tələbələrdə elmə olan marağı və münasibəti müsbət istiqamətə yönləndirməkdən ibarətdir. Vurğulanıb ki, hər tədris ilində olduğu kimi cari tədris ilində də təşkilatın iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb, fakültələr üzrə cəmiyyətin sədrləri tələbələrlə xüsusi iş aparıb. Qeyd edilib ki, bu tədris ilində 437 müəllim elmi-tədqiqat işlərinə rəhbərlik edib, 571 tələbə 570 mövzu üzrə məşğul olub. Diqqətə çatdırılıb ki, ötən illə müqayisə aparsaq görərik ki, mövzuların sayıında 221 vahid 63 faiz artım qeydə alınıb.

Tədbirdə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işləri yerinə yetirən kafedralar kimi qeyd olunan “Biologiya” kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Daşqın Qənbərov, “Ümumi təbabət və kliniki fənlər” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva kafedralarında yerinə yetirilən elmi-tədqiqat işləri barədə danışıb.

Universitet üzrə TEC xətti ilə ən yaxşı elmi-tədqiqat işini yerinə yetirən “Müalicə işi” ixtisası üzrə IV kurs tələbəsi Çinarə Orucova yazdığı elmi-tədqiqat işinə I yerə layiq görülüb. “Marketinq” ixtisası üzrə I kurs tələbəsi Elsun Cəfərov, “Fortepiano ifaçılığı” ixtisası üzrə IV kurs tələbəsi Xanım Əsgərova II, Stomatologiya ixtisası üzrə IV kurs tələbəsi Fərid Cəfərli, “Biologiya müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Arzu Sultanova isə III yeri bölüşüblər.

Sonra Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərində universitet üzrə seçilən tələbələrə plaket, fakültələr üzrə fərqlənən tələbələrə diplom, TEC-in ümumi işində seçilən tələbələrə isə təşəkkürnamə, təqdim edilib