Naxçıvan Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirildi

Naxçıvan Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirildi

Görüşdə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirdi ki, ölkənin ən prestijli universitetləri sırasında yer tutan ali təhsil ocağının qurulu fəaliyyətində maddi-texniki baza, əməkdaşlıq əlaqələri, peşəkar professor-müəllim heyəti ilə yanaşı  güclü tələbə ordusu da əhəmiyyətli rol oynayır. Hazırda qabaqcıl təhsil ənənələrinə malik universitetin yetişdirdiyi tələbələrin istər universitet, istərsə də muxtar respublikanın sosial-ictimai həyatında könüllü fəaliyyəti diqqət mərkəzindədir. Ətrafında yüzlərlə tələbəni birləşdirən Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2018, 2019-cu illərdə muxtar respublikanın, 2022-ci ildə isə həm muxtar respublika, həm də ölkə miqyasında “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.

Rektor bildirdi ki, bu il tələbələrin Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi  “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsində dörd layihə üzrə qalib gəlməsi universitet tarixində bir ilkdir və təqdirəlayiqdir.

Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov ölkə üzrə qalib olan layihələr və onların rəhbərləri barədə məlumat verdi. Qalib layihələr arasında universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının I regional konfransı”, sədr müavini Sevindik Novruzzadənin “Xarıbülbül kuboku uğrunda Nə? Harada? Nə zaman? İntellektual oyunu”, sədr müavini Adəm Məmmədovun “TAP-MAT intellektual şahmat oyunu üzrə brincilik” və Tələbə Gənclər Təşkilatının fəalı Bağdagül Cəfərlinin “Debat Çempionatı” layihələri yer almaqdadır. Bildirildi ki, Tələbə Gənclər Təşkilatının qeyd edilən 4 layihəsi üçün ümumilikdə 8800 manat qrant ayrılıb.

İdeya rəhbərləri çıxış edərək iştirakçıları layihədəki problemin qısa təsviri, proqramı, məqsəd və vəzifələri, hədəf qrupu, eyni zamanda layihənin davamlılığı və nəticələri barədə proqnozlarla tanış etdi.

Görüş Tələbə Gənclər Təşkilatı tərəfindən birinci kurs tələbələrinin iştirakı ilə yaradılan klubların fəaliyyətinin nümayişi mərhələsində davam etdi. Ekologiya, Rəsm, Şahmat, Kitab, Oriqami, İntellektual oyunlar klubu, Layihə müzakirə, İdeyadan biznesə, ENACTUS, Conversation club kimi təlim otaqlarında tələbələrin maraqlarına uyğun olaraq təşkil olunmuş təlimlər böyük maraqla qarşılanıb.

Daha sonra, görüş iştirakçıları universitetin İdman Kompleksində tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə təşkil olunmuş basketbol, voleybol, həndbol, futbol, tenis komandalarının oyunlarını izləyiblər.

Leave a Reply

Your email address will not be published.