Naxçıvan Dövlət Universitetində tələbələrin pedaqoji təcrübəyə hazırlıq mərhələsi başlanıb

Naxçıvan Dövlət Universitetində tələbələrin pedaqoji təcrübəyə hazırlıq mərhələsi başlanıb

Bu məqsədlə, Pedaqoji fakültədə “Pedaqoji təcrübə dövründə pedaqoq və psixoloqun görəcəyi işlər” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransı giriş sözü ilə açan fakültə dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev yeni tədris planına əsasən 4 ay nəzərdə tutulmuş təcrübə zamanı, tələbələr üçün vacib olan bəzi məqamlara toxunub. Bildirib ki, ümumi təhsil məktəblərində keçiriləcək təcrübədə tələbələr müəllimlik peşəsinə ilk addımlarını ataraq, bu peşənin xüsusiyyətlərinə yiyələnirlər.

Təcrübə dövründə pedaqoqun görəcəyi işlər barədə məlumat verən Pedaqogika və psixologiya kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mehparə Əhmədova fevralın 16-dan may ayının 27-nə kimi davam edəcək təcrübə zamanı tələbələrin universitetdə qazandığı bilikləri orta məktəblərdə icra edərək müəllim kimi formalaşdığını qeyd edib. Bu müddət ərzində fakültə əməkdaşlarından təşkil olunmuş təcrübə rəhbərləri tələbəni məktəblə tanış etməli, fərdi plan və gündəliklərin hazırlanmasına köməklik göstərməlidir. Qeyd olunub ki, bu günün tələbələri “təfəkkür” məktəbinin yetirmələridir, bu səbəbdən onlar şagirdlərdə milli şüurun oyanmasına, milli təfəkkürün formalaşmasına təsir etməyi bacarmalıdır.

Pedaqoji təcrübə dövründə psixoloqun görəcəyi işlər mövzusuna toxunan kafedranın dosenti, psixologiya üzrə fəlsəfə doktoru Salatın Hacıyeva qloballaşan dünyanın və ictimai-siyasi proseslərin təsirinə məruz qalan şagirdlərlə işləməyin, heç də asan olmadığını vurğulayıb. Bildirib ki, ağır, zəhmətli, eyni zamanda, şərəfli peşənin sahibləri olan müəllimlər sadəcə, bilik vermirlər, həm də şəxsiyyət yetişdirirlər. Qarşıya qoyulan tələbləri ödəmək üçün tələbələr ilk növbədə ünsiyyət bacarığına sahib olmalı, öz ixtisasını dərindən bilməli, uşaq və yeniyetmələrlə işləməyə maraq göstərməli, pedaqoji və psixoloji biliklərə yiyələnməlidir. Təcrübə zamanı tələbə 1 şagirdin və ya sinfin yaxud bir dərsin psixoloji xarakteristikasını aparmalıdır. Bu zaman isə müsahibə və müşahidə metodlarından istifadə olunmalı, şagirdlərin idrak, qavrayış xüsusiyyətlərindən tutmuş fərdi imkanlarına qədər təhlil edilməlidir.

Pedaqoji təcrübə metodistinin görəcəyi işləri diqqətə çatdıran Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının baş müəllimi Rövşən Bağırov qeyd edib ki, metodist ilk gündən tələbələrlə birlikdə olmalı, dərsə davamiyyəti yoxlamalı hazırlanmış fərdi iş planlarını təsdiq etməlidir. Şagirdlərlə vətən sevgisini aşılayacaq söhbətlər aparılmalı, tədbirlər təşkil edilməli, eyni zamanda tələbələrin gündəlik icmalları nəzərdən keçirilməlidir. Qeyd olunub ki, bu il pedaqoji təcrübə üçün 13 nömrəli tam orta məktəb və Heydər Əliyev adına tam orta məktəb nəzərdə tutulub. Tələbələrə təcrübə rəhbərlərinin və metodistlərin tapşırıqlarından yararlanaraq işləmək tövsiyə olunub.

Leave a Reply

Your email address will not be published.