
Naxçıvan Dövlət Universitetində təşkil edilən ilk laborator-təlimlər uğurla başa çatıb
Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 5 günlük laborator-təlim təşkil olunub. Hər ixtisasdan 30 nəfər olmaqla, ümumilikdə 90 müəllimin iştirak etdiyi təlim uğurla başa çatıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev müəllimlərin gələcək peşə bacarıqlarının formalaşmasına, orta məktəblərdə tədris etdikləri dərslərlə əlaqədar təcrübi biliklərin artırılmasına xidmət edən təlimin əhəmiyyətini qeyd edib. Zəngin maddi-texniki bazaya malik olan universitetdə tibb, fizika, kimya laboratoriyalarında olan müasir avadanlıqların vəziyyətindən söz açan rektor bildirib ki, laboratoriyalarda yaradılan imkanlar bu ixtisaslarla bağlı biliklərin təcrübi sürətdə mənimsənilməsinə xidmət edir. Rektor müvafiq Sərəncamlara uyğun olaraq ali və orta məktəblərin birgə fəaliyyətinin səmərəsini, qarşılıqlı sürətdə aparılan işlərin gələcək peşə hazırlığı istiqamətində əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, orta məktəblərdə dərsliklərlə tanış olmaq, orada göstərilən mövzulara uyğun təcrübələr aparmaq, müəllimlərin bu sahə üzrə təkliflərini dəyərləndirmək laborator məşğələlərin keyfiyyətini artıran məsələlərdəndir. Rektor təlim keçən müəllimlərin peşəkarlığını yüksək qiymətləndirərək, təlimdə öz səy və bacarıqlarını yüksək həvəslə təqdim etdiklərinə görə öz təşəkkürünü bildirib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov öz çıxışında qeyd edib ki, muxtar respublikada təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır. Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən dövlət qayğısının, 200-dən çox təhsil müəssisəsinin tikilməsi və yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, elektron lövhə və kompüterlərlə, dərsliklərlə, fənn kabinələri və laboratoriyalarla təminatının nəticəsidir ki, təhsilin keyfiyyəti hər il yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir. Vurğulanıb ki, ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisi səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsi, şagirlərin bu sahə üzrə bilik və qabiliyyətlərinin artırılması diqqətdə saxlanılır. Bildirilib ki, elmi dərəcəsi olan universitet müəllimlərinin ayda bir dəfə olmaqla orta məktəblərdə keçdikləri dərslər şagirdlərin ixtisas seçiminə, gələcək peşə bacarıqlarının müəyyənləşdirməsinə şərait yaradır.
Müəllimlərin ümumtəhsil məktəblərində yaradılan laboratoriyalardan tədris prosesində səmərəli istifadəni təşkil etmək və müəllimlərin təcrübi bacarıqlarının artırılması məsədilə keçirilən tədbirin əhəmiyyətini diqqətə çəkən nazir müəllimlər üçün yaradılan imkanları xüsusi dəyərləndirib, gələcək əməkdaşlıq məsələlərinə toxunub.
Müəllimlər onlar üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər. Qurulan bu imkanlar bizdən ixtisaslarımız üzrə maksimum biliyə malik müəllim olmağı tələb edir- deyə fikirlər səsləndirilib.
Sonda təlimi uğurla başa çatdıran müəllimlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimçilər universitetin yüksəkixtisaslı peşəkar professor-müəllim heyəti arasından seçilib. Bu sahə üzrə yüksək bacarığa malik olan peşəkar kadrlar öz laborator təcrübələrini əyani sürətdə orta məktəb müəllimlərinə nümayiş etdiriblər.