Naxçıvan Dövlət Universitetində tanınmış ədəbiyyatşünas alimlərlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində tanınmış ədəbiyyatşünas alimlərlə görüş keçirilib

Ali təhsil ocağının Tarix-filologiya fakültəsində keçirilən tədbirdə fakültənin dekanı, dosent Arif Ağalarov qonaqları salamlayıb, onları bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, Yeni dövr Azərbaycan ədəbiyyatında ədəbi tənqid tariхinin öyrənilməsi çağdaş nəzəri-еstеtik fikrin ən mühüm vəzifələrindən biridir. Bu gün müasir dövrümüzün bir çox ədəbiyyatşünas alimləri bu istiqamətlərdə elmi araşdırmalar aparır, təhlili məsələlərlə ədəbi müstəvidə geniş çıxışlar edir. Belə ziyalılardan biri də tanınmış tənqidçi, Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlıdır. Professorun  yaradıcılığının bir çox ədəbi-estetik xüsusiyyətlərinə görə müasir dövr Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçildiyini deyən Arif Ağalarov, elmi istiqamətdə daha çox ədəbi tənqid mövzusunda davamlı tədqiqatlar aparan Vaqif Sultanlının çox sayda kitabın, yüzlərlə elmi məqalənin, monoqrafiyanın müəllifi olduğunu diqqətə çatdırıb.

Professor Vaqif Sultanlı diqqətə çatdırıb ki, bədii sənətin kеyfiyyətinə və kamilliyinə cavabdеhlik funksiyası daşıdığı üçündür ki, tənqidin səviyyəsi əslində ədəbiyyatın inkişaf səviyyəsini əks еtdirir. Təsadüfi dеyildir ki, bədii ədəbiyyatın uğur və nailiyyətləri bir çoх hallarda ədəbi tənqidin və nəzəri-еstеtik fikrin fonunda dəyərləndirilir. Tənqid bədii ədəbiyyatın kamilliyi, saflığı, yüksəlişi uğrunda mübarizə aparmaqla yanaşı, ədəbi dəyərlərin müəyyənləşdirilməsi, yaşadılması, təbliği məsələlərini də həyata kеçirir.     

          Professor vurğulayıb ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi uzun müddət işğalçı qüvvələrin təsirinə məruz qaldığı üçün zamanla ağır məqamlarla üzləşib, dilimiz, milli kimliyimiz saxtalaşdırılmaq, hətta tarix səhifələrindən silinmək təhlükəsi yaşayıb. Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələri olan Xaqani Şirvani, Nizami Gəncəvi, Şeyx Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər qüdrətli sənətkarlarının yaradıcılığı uzun illər siyasi təzyiqlərlə üzləşib. Lakin bu gün Azərbaycan ədəbiyyatının inkişafı, bu sahədə yeni nailiyyətlərin əldə edilməsi qısa zaman müddətində milli-mənəvi dəyərlərimizə təkan verib.

          Sonra çıxış edən filologiya elmləri doktoru, professor Almaz Hüseynova tələbələrə uğurlar arzulayıb, ardınca tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.